“Dövlət və dördüncü hakimiyyət”

Kitab müasir media nəzəriyyələrində mövcud olan dilemmaların həlli üçün konsepsiyadır

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti



Müasir media nəzəriyyələrində KİV-lərin, jurnalistlərin missiyaları barədə fikir birmənalıdır, konkretdir. 1992-ci ildə qəbul edilmiş “Azad, müstəqil və plüralist medianın inkişafı üzrə Vindhuk Bəyannaməsi”, həmçinin, 1997-ci ildə qəbul edilmiş “Müstəqil və plüralist medianın təşviqi haqqında Sofiya Bəyannaməsi” medianın bir çox sahələri ilə yanaşı, həm də jurnalistlərin funksiyalarını ehtiva edirlər.

Bu iki bəyannamə KİV-in, jurnalistin missiyası barədə müxtəlif nəzəriyyələrdə mövcud olan çoxsaylı fikirləri ümumiləşdirir, qısa, lakonik tərzdə ifadə edir. Adı çəkilən hər iki sənəddə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1948-ci ildə təsdiqlənmiş "Ümumdünya insan hüquqları Bəyannaməsi"nə istinad olunaraq, jurnalistlərin funksiyaları iki mühüm istiqamət üzrə təsnifatlaşdırlır.

Birinci istiqamət “ictimai maraq kəsb edən məlumatları tapmaq, toplamaq, emal edib cəmiyyətə çatdırmaqdır”. Yəni, jurnalistin, KİV-in əsas missiyası, ictimai vəzifəsi ilk növbədə cəmiyyətə xəbər vermək, məlumatlandırmaq, həqiqəti görmək prosesində cəmiyyətə kömək etməkdir.

Jurnalistin, KİV-in ikinci mühüm vəzifəsi isə ictimai nəzarətdir. Bu nəzarət ilk növbədə hakimiyyətin və hakimiyyət qollarının üzərində olmalıdır. Müasir nəzəriyyələrə görə, kütləvi informasiya vasitələrinin, jurnalistin əsas işi hakim dairələrin fəaliyyətinə nəzarət etməkdir, nöqsanları aşkar etmək və göstərməkdir. Jurnalistikanın “dördüncü hakimiyyət” rolunda çıxış etməsi anlayışı da bu vəzifəsindən irəli gəlir. Jurnalistika bu funksiyasına görə hakimiyyətin qanunvericilik, icra və məhkəmə sistemi olan üç böyük institutundan sonra, cəmiyyətdə “dördüncü hakimiyyət” kimi qiymətləndirilir.

Bu iki məqam KİV-ə, jurnalistikaya baxış kontekstində daha bir istiqaməti ortaya çıxır. İlk iki istiqamət KİV-in, jurnalistin missiyasını, hakimiyyətə yanaşmasını ehtiva edirsə, üçüncü istəqamət əksinə, hakimiyyətin, dövlətin KİV-ə, jurnalistikaya, informasiya azadlığına münasibətini ehtiva edir. Tarix, təcrübə göstərir ki, ayrı-ayrı dövlətlərin, o cümlədən, ayrı-ayrı nəzəriyyələrin söz və ifadə azadlığına, aşkarlığa, KİV-lərin müstəqil davranışına, azad informasiya axını prinsipinə yanaşmaları birmənalı deyil. Bu mövzuya münasibətdə fikirlər parçalanır və bəzən antaqonist hal alır. Dövlətin, hakimiyyətin mediaya yanaşması mövzusunda fikir parçalanmasının nəticəsi olaraq, beynəlxalq media nəzəriyyələri də bölünürlər, qollara ayrılırlar, bir-birindən fərqlənirlər. Mövcud dörd beynəlxalq media nəzəriyyəsinin hər birində mövzu üzrə suallara müxtəlif yanaşmalar var. Hətta bəzən suallar dilemma xarakteri alır, cavabsız buraxılırlar.

Dövlətin, hakimiyyətin KİV-ə, jurnalistikaya münasibəti necə olmalıdır? İnformasiya axını tamamilə sərbəst buraxılmalıdırmı, yoxsa dövlətin tənzimləyici müdaxiləsi olmalıdırmı? Bu və digər suallar hələ də müzakirə mövzusudur, müxtəlif yanaşmalar var.

Tanınmış jurnalist və media qurucusu, Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri Mədət Məmmədovun müəllifliyi ilə çap olunmuş "Dövlət və dördüncü hakimiyyət" adlı kitab bu yöndə suallara cavab tapmaq üçün konsepsiya rolunu oynayır.



Mədət Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin ilk onilliyində, 1990-cı illərdə Mətbuat və İnformasiya Nazirliyinin Kütləvi İnformasiya Vasitələri Baş İdarəsinə rəhbərlik edib. Bu mühüm vəzifəni daşıması imkan verib ki, müəllif özünün nəzəri biliklərini təcrübi proseslərlə uzlaşdırsın, dövlət və media münasibətlərinin tənzimlənməsi barədə orijinal fikirlərini təqdim etsin.

Bəllidir ki, 1990-cı illər Azərbaycan həyatında keçid dövrü olubdur. Həyatın bütün sahələri kimi, media da bir nəzəri-ideoloji sistemdən digərinə keçid edibdir. Öncəki rejimin- Sovet sisteminin, kommunizm ideologiyasının mediaya baxışı fərqli idi. Leninin təbirincə desək, mətbuata “ən gözəl təbliğat və təşviqat vasitəsi” kimi baxılıb. Demokratik dünya isə mediaya təbliğatdan uzaq, hadisə və faktlar üzrə məlumatlandırma vasitəsi kimi yanaşıbdır.

Sovet sistemi medianı öz siyasətinə tabe etmək, təbliğat və təşviqat vasitəsinə çevirmək üçün güclü mexanizmlər qurub, inzibati idarələr formalaşdırıb, KİV üzərində rəsmən senzura mövcud olub. Azərbaycan öz müstəqilliyini elan etdikdən, demokratik dünya düzəninə inteqrasiya etməyə başlayandan sonra isə bu mexanizmlərdən qurtarmaq, müstəqil, demokratik yönümlü media formalaşdırmaq asan başa gəlməyib. Yeni mexanizmlər qurulmadan, 70 il müddətində hakim olmuş düşüncəni dəyişmədən mövcud strukturları dağıtmaq, tələm-tələsik “yeni sistemə keçməyə” can atmaq isə fayda deyil, ziyan gətirib. Biz bunun acı nəticələrini 1992-93-cü illərdə görmüşük. Mövcud mexanizmlərin sürətlə dağıdılması mediaya “azadlıq deyil, anarxiya gətirdi”; mətbuat ölkədə hərc-mərclik yaradanların əlində alətə çevrildi. Bu baxımdan deyə bilərik ki, yaranmış xaotik durumu dəyişmək, dövlət- media münasibətlərini sistemə salmaq, Azərbaycanda azad ruhlu, demokratik yönümlü media mühiti qurmaq Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışından, 1993-cü ildən sonra başlayıb. Məhz onun hakimiyyəti dövründə Azərbaycan mediasının dünya media məkanına normal inteqrasiya etməsi, demokratik dünyanın media standartlarına uyğunlaşması üçün hüquqi baza yaradılıb.

Ümummilli Lider Azərbaycanda medianın totalitar sistemdən demokratik sistemə normal keçidini təşkil etmək üçün çoxsaylı addımlar atıbdır. Bu sırada nəzəri hazırlıqlı, vətənpərvər ruhlu insanları medianı tənzimləyən qurumlarda vəzifələrə təyin edilmələri faktı da var. Mədət Məmmədovun belə bir dönəmdə Mətbuat və İnformasiya Nazirliyinin Kütləvi İnformasiya Vasitələri Baş İdarəsinə rəhbər təyin edilməsi təsadüfi xarakter daşımır.

1995-ci ildə Ümummilli Liderin iradəsi ilə qəbul edilmiş Konstitusiyamız müstəqil Azərbaycan dövlətinin müstəqil, demokratik, beynəlxalq standartlara cavab verən mediasının ilk hüquqi tənzimlənmə sənədi olub. Sonradan Konstitusiyaya uyğun olaraq, növbəti addımlar atılıb.

1998-ci ildə Azərbaycanda media üzərindən senzura qaldırılıb. 70 il müddətində senzuranın nəzarəti altında fəaliyyət göstərmiş KİV-ləri senzurasız dövrə, müstəqil fəaliyyət sferasına keçirmək, yeni dövrün tələblərinə uyğunlaşdırmaq iradə, təmkin, dərin siyasət tələb edir. Ümummilli Lider də bu iradəni, bu təmkini göstərə bilib. Media senzuralı dövrdən çıxarılaraq senzurasız dövrə mərhələlərlə keçirildiyi üçün ciddi kataklizmlər yaşanmadı, ölkə maraqlarına ziyan gəlmədi.

Mədət Məmmədov özünün “Dövlət və dördüncü hakimiyyət” kitabında bu proseslərin sistemli təsvirini verib. Kitabda yer tutan “Postsovet məkanında müstəqil media quruculuğunun Azərbaycan modeli” başlıqlı məqalədə qeyd edilib ki, 1999-cu ildə Azərbaycanda KİV haqqında yeni qanun qəbul edilib. Həmin qanun öz dövründə media sahəsində Avropa məkanı üçün ən demokratik ruhlu qanun sayılıb. Məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə postsovet məkanında ilklərdən biri olaraq Azərbaycanda 2001-ci ildə media üzərində dövlət tənzimləmə mexanizmi aradan qaldırılıb, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, əvəzində mediaya özünütənzimləmə mexanizmi tətbiq edilib. Bu, həmən dövr üçün çox riskli sayılan addım idi, indi də əksər ölkələr bu riski yaşamaqdan çəkinirlər. Bu günə qədər bir sıra postsovet ölkələrində hələ də media üzərində dövlət tənzimləyici mexanizmləri qalmaqdadır. Məhz Ümummilli Lider Heydər Əliyevin səriştəli yönləndirməsi ilə media dövlət tənzimləməsindən özünütənzimləmə mexanizminə keçə bildi.

Mədət Məmmədov Prezident Heydər Əliyevin media siyasətini təsvir etməklə, dövlətin dördüncü hakimiyyətə-jurnalistikaya yanaşmasına örnək verir. O, kitabda dərc edilmiş məqalələrində Heydər Əliyevin, yəni dövlətin və dövlət başçısının mediaya yanaşmasına dair çoxsaylı nümunələr göstərir. Qeyd edir ki, Heydər Əliyev medianın hüquqi bazasını formalaşdırmaqla yanaşı, müstəqil medianın iqtisadi-maliyyə dayaqlarının möhkəmləndiriliməsi üçün də gərəkən addımları atıb. Məhz Heydər Əliyevin şəxsi göstərişi ilə mətbuat qurumlarının dövlət müəssisələrinə, xüsusən nəşriyyata olan borcları silinib. Bununla da Azərbaycan mediası nəinki demokratik quruluş, müstəqil inkişaf yolu tutub, eyni zamanda, möhkəm iqtisadi dayaqları olan milli ruhlu mediaya çevrilib. Mədət Məmmədovun “Dövlət və dördüncü hakimiyyət” kitabı müstəqil, demokratik, həm də milli ruhlu, sosial məsuliyyətini dərk edən media formalaşdırmağın mexanizmlərini təqdim edir; Heydər Əliyevin media siyasəti fonunda bunun konkret nümunəsini verir. Kitabda qeyd edilir ki, Ulu Öndər Heydər Əliyev media ilə dövlət qurumları arasında sağlam dioloq aparılmasının ənənəsini yaradıb. “O, media təmsilçiləri ilə intensiv şəkildə görüşərdi və görüşdə qaldırılan problemlərin operativ şəkildə həll edilməsinə göstəriş verərdi”.

Müəllif kitabda Prezident İlham Əliyevin media siyasətinə də geniş yer ayırıb. Qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli Liderin media siyasətini həssaslıqla davam etdirir, ona yeni rəng, çalarlar qatmaqla inkişaf etdirir.

Bəllidir ki, 2003-cü ildən etibarən, Azərbaycanda müstəqil, demokratik yönlü media quruculuğunu sürətləndirmək, Azərbaycan mediasını müasir dünyanın yeni çağırışlarına uyğunlaşdırmaq üçün çoxsaylı fərman və sərəcamlar verilib. 2003-cü ildə medianın özünütənzimləmə mexanizmləri qurulub; elektron medianın fəaliyyətini tənzimləmək üçün Milli Televiziya və Radio Şurası, çap və onlayn medianın fəaliyyətini tənzimləmək üçün Mətbuat Şurası yaradılıb. Medianın özünütənzimləmə mexanizmlərinin nümunəsi dünyanın inkişaf etmiş, demokratik ölkələrində mövcuddur. Postsovet məkanında isə özünütənzimləmənin ənənəsi olmayıb. İlham Əliyev Postsovet məkanında medianın özünütənzimləmə mexanizmini tətbiq etdirən azsaylı dövlət başçılarındandır. Postsovet ölkələrinin əksəriyyətində, Rusiya Federasiyası başda olmaqla, bu gün də media üzərində dövlət tənzimləyici qurumları, nazirliklər qorunub saxlanılır.

Prezident İlham Əliyev mediada özünütənzimləmə mexanizmlərini tətbiq etməklə yanaşı, medianın iqtisadi müstəqiliyinin formalaşdırlması üçün də çoxsaylı sərəncamlar imzalayıb. Bu baxımdan 2008-ci ildə qəbul edilmiş “KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyasını” misal göstərmık olar. Prezident İlham Əliyev Azərbaycan KİV-lərinin inkişafına yardım üçün ixtisaslaşmış donor institutu yaratmış ilk postsovet ölkəsi rəhbəridir.

Mədət Məmmədov “Dövlət və dördüncü hakimiyyət” kitabında Prezident Heydər Əliyevin və İlham Əliyevin media siyasətini təsvir etməklə göstərir ki, bu siyasət Azərbaycanda demokratik, milli ruhlu media mühitini formalaşdırmaqla yanaşı, həm də, Sovet sistemindən çıxmış, demokratik, müstəqil quruculuq yolu tutmuş bütün dövlətlər üçün bir örnək, nümunə oldu. “Bu gün nəzər yetirsək görərik ki, hansı postsovet ölkələr ki, Heydər Əliyevin hərəkətlərini təqlid ediblər, demokratik inkişafı hüquqi tənzimləmə ilə uyğunlaşdırıblar, həmin ölkələrdə inkişaf, sabitlik və firavanlıq var. Hansı ölkələr ki, fərqli yollar seçiblər, onlarda qeyri-sabitlik, narazılıq və geriləmə var”- deyə kitabda qeyd edilir.