Media qanunvericiliyi yenilənir

“Media haqqında qanunun olması bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir”

“Yəni jurnalistlər öz azadlıqlarının sərhədlərini, cəmiyyət qarşısında rollarını bilməlidirlər”


İyunun 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi, AZƏRTAC-ın İdarə Heyətinin üzvləri və struktur rəhbərləri iştirak ediblər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” Qanun layihəsinin müzakirəsinə yaratdığı şəraitə görə AZƏRTAC-ın rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Yeni qanun layihəsi haqqında məlumat verən icraçı direktor Ə. İsmayılov bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açdı. O, Azərbaycanın ilk informasiya agentliyi olan AZƏRTAC-ın təcrübəli jurnalistlərinin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayaraq, onları işgüzar fikir mübadiləsinə çağırdı.

Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını etdi.


Bildirildi ki, layihənin müddəaları Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunur.

Departament direktoru tədbir iştirakçılarını media subyektləri (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri), səlahiyyətli orqanlar, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri, jurnalistlərin akkreditasiyası və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırdı.

Qanun barədə fikirlərini “Sherg.az”la bölüşən BDU- nun professoru, tanınmış teletənqidçi Qulu Məhərrəmli bildirib ki, media qanunvericiliyi ümumi media fəaliyyətinin mühüm aspektidir:

“Bu qanunda medianın statusu, iş prinsipləri, məqsəd və vəzifələri öz əksini tapmalıdır. Ölkəmizdə media qanunvericiliyi prosesi 1992-ci ildən başlayır. Lakin köhnə qanunlarda o qədər ciddi dəyişikliklər aparılıb ki, həmin qanunlar tanınmaz hala düşüb.

Bu baxımdan media qanununu yeniləmək, onu günün tələblərinə uyğunlaşdırmaq, müasirləşdirmək, sürətlənən texnoloji şəraitdə medianın rolunu və fəaliyyət prinsiplərinin hüquqi əsaslarını vermək lazımdır. Burada diqqəti cəlb edən əsas məqam odur ki, qanun müasir olmalıdır.

Yəni bir tərəfdən cəmiyyətin informasiyaya artan tələbatı, digər tərəfdən medianın onu necə və hansı yollarla ödəmək üçün göstərdiyi fəaliyyət vacibdir. Digər ciddi məsələ çoxşaxəli jurnalist fəaliyyətinin hüquqi əsaslarıdır. Yəni mətbuat azadlığı şəraitində bu hüquq necə reallaşdırılmalıdır? Jurnalistin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi də qanunun əsasını təşkil edir. Jurnalistin peşə fəaliyyəti üçün təkcə yaradılan hüquqi şərait yox, həm də jurnalistin məsuliyyəti müəyyənləşdirilir”. 

Q.Məhərrəmli vurğulayıb ki, Azərbaycan qloballaşan dünyadakı proseslərdən təcrid olunmuş deyil:

“Bu, BMT-nin qəbul etdiyi insan haqlarına, Avropanın söz və mətbuat azadlığı ilə bağlı konvensiyasına tam uyğun olmalıdır. Belə bir hüquqi nüansların müəyyənləşdirilməsi medianın fəaliyyəti üçün şərait yaradır. Bu kimi məqamların sıralanması əlbəttə ki, medianın cəmiyyətdə yerini, statusunu göstərir və jurnalistin azad fəaliyyət göstərməsi üçün hüquqi şərait yaradır. Bu baxımdan media haqqında qanunun olması çox önəmlidir.

Media haqqında qanun layihəsini hazırlayarkən informasiya fəaliyyəti ilə bağlı digər qanunların uzlaşdırılması düzgün aparılmalıdır. Məsələn, bizdə informasiyalaşdırma, reklam və digərləri barədə qanunlar var ki, onlar KİV haqqında qanunla toqquşur.

Ona görə də bu nüansların nəzərə alınması çox vacibdir. Media haqqında qanunun olması bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Yəni jurnalistlər öz azadlıqlarının sərhədlərini, cəmiyyət qarşısında rollarını bilməlidirlər.

Elə məsələlər var ki, onlar qanunla, elələri də var ki, etik qaydalarla tənzimlənir.  Hüquqi sferanı məhz KİV haqqında qanun müəyyənləşdirir.

Amma etika ilə bağlı olan məsələlər jurnalistlərin peşə və davranış qaydaları ilə tənzimlənir. Belə olduqda media çox harmonik fəaliyyət göstərər bilir. Yeni qanun layihəsi heç bir halda mətbuatda çalışan insanların mediada hüquqlarını məhdudlaşdıra, söz və mətbuat azadlığına xələl gətirə bilməz. Məhdudlaşdırıcı maddələr qoyularkən bu məsələ mütləq nəzərə alınmalıdır”.