Səliqə-səhman yaranır

"Media sahəsindəki islahatların aparılması günümüzün tələbidir"

“Millət vəkili olarkən dəfələrlə parlamentin tribunasından onlayn medianın maliyyələşməsi ilə bağlı təklif səsləndirmişdim. Bildirmişdim ki, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik təkmilləşməlidir”. Bu sözləri Mətbuat Şurasının sədri, sabiq deputat Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, jurnalistlərin vahid kartlarla təminatının onların sosial imtiyazları baxımından vacibliyini həm deputat, həm də Mətbuat Şurasının sədri kimi qabardıb:

“Onu da bildirmişdim ki, görülən kompleks tədbirlər media sahəsində səliqə-sahmanın yaradılmasına xidmət etməlidir. Sahə təsadüfi şəxslərdən təmizlənməlidir.  Eyni zamanda məsələn, dəqiq bilinməlidir ki, ölkədə jurnalistika ilə məşğul olanlar kimlərdir, sayları nə qədərdir, onların hansı çətinlikləri var, redaksiyalarda əmək münasibətləri necə tənzimlənir və s. İndi çox şadam ki, Medianın İnkişafı Agentliyinin simasında bir dövlət qurumu bu işlərin həyata keçirilməsinə qol çırmayıb. Artıq saytların maliyyələşməsinə başlanılıb. Digər tədbirlər də reallaşacaq. Verilən açıqlamalar, işə məsuliyyətlə yanaşma məndə inam formalaşdırır. O ki qaldı söz-söhbətlərə, onu deyim ki, istənilən proses, hətta mütərəqqi mahiyyət daşıdığı heç şübhə doğurmayan proses də müəyyən sıxıntılarla, narazılıqlarla müşayiət olunur. Bunu təbii qarşılamaq lazımdır. Ona da təbii yanaşaq ki, iş olan yerdə nöqsan qaçılmazdır. Əlbəttə, narazılıqların aradan qaldırılmasına çalışmaq, prosesin bütün tərəflərini səbrlə dinləmək vacibdir. Bu həm də görülən işə həssas münasibətin göstəricisidir”. 

Ə.Amaşova görə, hər bir halda Azərbaycanda media sahəsindəki islahatların aparılması günümüzün tələbidir:

“Bunun üçün Prezident İlham Əliyevin iradəsi var. Dövlət başçısı jurnalistikamızı azad, dünyanın aparıcı KİV-ləri ilə rəqabət aparmaq gücündə və qabiliyyətində olan, Azərbaycan həqiqətlərini dünyada əzmlə təbliğ edən monolit komanda, oturuşmuş institut kimi görür. O, düşüncələrini çoxsaylı çıxışlarında dilə gətirib. Hazırda ölkədə Prezidentin iradəsini reallaşdırmaq istiqamətində əməli fəaliyyətə başlanılıb. Hesab edirəm ki, jurnalistika ictimaiyyətinin nümayəndələri kimi ona kömək göstərməliyik. Sözsüz, tənqidlər, iradlar və təkliflər ola bilər. Bütün bunlar işə dəstək mahiyyəti daşımalı, mütərəqqi ruhlu olmalıdır. Nəzərə alaq ki, biz özümüzü düzəltmək istəyirik. Bunun üçün seçdiyimiz forma və metodların da nümunəviliyi şərtdir”.