Şəhid ailələrindən “haqq” alan “jurnalistlərə” sərt təpki: “...Ən vicdansız adamdır”

Şükür, müharibə bitdi. Torpaqlarımızı azad etdik, düşmənlərimizə qalib gəldik. Amma elə bu vaxt daxildəki düşmənlər, ermənilərlərdən fərqlənməyənlər üzə çıxdılar. Belə ki, son günlər özlərini media təmsilçiləri kimi təqdim edən bir qrup şəxs şəhidlərimizlə bağlı yazılar, videosüjetlər hazırlamaq adı ilə qəhrəmanlarımızın ailələrinə, yaxınlarına müraciət edir və onlardan “şirinlik” istəyirlər. Valideyn yazıq da deyə bilmir ki, ağzın heç şirin olmasın...Çünki mövzu övladdır, cavan oğuldur. Ona görə sələrini çıxarmadan 100, 150 manat verirlər. Və sonradan həmin “jurnalistlərin” təkcə mediamızın deyil, cəmiyyətimizin üz qarası olduğu aşkara çıxır.

Şəhid Adəm Heydərovun atası İkram Hacıyev məsələ barədə bunları deyib: ““Özünü təqdim etdi və dedi ki, artıq çəkiliş etmək üçün evimizdədir. Mən ona bu barədə heç müraciət etməmişdim. Hadisə təxminən 1 həftə - 10 gün qabaq olub. Evdə, qəbiristanlıqda çəkilişlər bitdikdən sonra dedi ki, çəkiliş 140 manat edir, amma 100 manat versəm, kifayətdir. Uşağımın adıçəkilən yerdə başqa nəsə deyə bilmədim və 100 manat verdim. Adəmin adı olan yerdə lap dilənib 10 000 manat da verərəm”.

Belə valideynlər, bacı-qardaşlar çoxdur.

BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli “Sherg.az”a açıqlamasında xoşagəlməz hadisəyə reaksiya bildirdi: “

 “Şəhid” sözü “Qurani-Kərim” sözünə bərabərdir. Hətta ondan da yüksəkdədir. Çünki müqəddəs kitabın özündə şəhidin kim olması dəfələrlə izah edilir. Şəhid sözü olan yerdə kimsə nəsə umarsa, o, dünyanın ən vicdansız adamıdır. Belələri hardan gəlirlər, harda yetişirlər?! Onlara jurnalist vəsiqəsini kim verir? Bildiyim odur ki, həmin “jurnalist”lərin rəhbərləri də özləri kimidir. Bu cür adamları məsuliyyətə cəlb etmək lazımdır”.

C.Məmmədli “reketlərə” cəza tələb etdi: 

“Medianın İnkişafı Agentliyi media ilə bağlı yeni Qanun layihəsini bu günlərdə Milli Məclisə təqdim edəcək. Fikrimcə, orda “reket”lərlə bağlı xüsusi müddəa olmalıdır. Onlar ciddi cəzalanmalıdırlar. Lakin ictimai qınaq Qanundan da güclüdür. İctimai rəy belə “jurnalistləri” elə günə salmalıdır ki, onlar analarının, övladlarının, həyat yoldaşlarının qarşısında xəcalət çəkməlidirlər. İctimai tənqid onları yumağa döndərməlidir.

Onları məhv etmək lazımdır.

Çünki jurnalistikamıza belələrindən artıq ziyan verənlərin olduğuna inanmıram. Jurnalistikanın funksiyalarını anlayanlar yaxşı bilirlər ki, mediamızın ən müqəddəs və prioritet mövzusu şəhidlərlə bağlıdır. Bu mövzu bitən deyil.

Əsl, həqiqi, vicdanlı həmkarlarımız nəinki qəhrəmanlarımızın adını əbədiləşdirməli, həm də reketlərin, bu əmələ əl atanların dərsini verməlidirlər. Allah onların dərsini versin!”.