Baş yazar deputatı dəstəklədi:“Məmurlar “reket jurnalistləri” himayə etməsin”

Son dövrlərdə ölkəmizdə “reket jurnalistlər”in sayında artım müşahidə olunur. 
Millət vəkili Vahid Əhmədov da parlamentin bu gün keçirilən iclasında bildirib
Ölkəmizdə “reket jurnalistlər”in sayı çoxdur:
“Onları himayə edən şirkətlər, şirkət rəhbərləri və məmurlar var. Bu mənada Media Reyesterinin olması çox vacibdir. Biz istəyirik ki, media azad olsun. Nazirlərdən, istədikləri şəxslərdən müsahibələr, açıqlamalar alsınlar”.

Məsələ barədə “Sherg.az”a danışan Parlament Jurnalistləri Birliyinin sədri və Modern.az-ın rəhbəri Elşad Eyvazlı qeyd edib ki, “reket jurnalistlər”in sayının artması ilə bağlı iddialarla razı deyil: 

“Əvvəl belə hallar daha çox idi.Amma indi bu, belə deyil. Artıq xeyli qurumlarımız var ki, öz səhvlərini qəbul edir və bunları düzəltməyə hazırdır”.

E.Eyvazlı hesab edir ki, “reket jurnalistlər”i bu peşədən sui-istifadə edən və peşənin dəyərini aşağı salanlardır:

“İllərdir, bunun qarşısını almaq üçün mübarizə aparmışıq. “Reket jurnalistlər”in
 arxasında hansısa qüvvənin mövcud olması fikri qaçılmazdır”.

E.Eyvazlı, həmçinin bu məsələnin çıxış yollarını da göstərib:

“Bunun önlənməsi üçün gerçək jurnalistlərin həmrəy olması və bir-birini müdafiə etməsi vacibdir. Çıxış yolu kimi ilk olaraq bu yerinə yetirilməlidir. Daha sonra inzibati və rəsmi metodlardan istifadə etmək olar. Dövlət məmurları da onları dəstəkləməməlidir”.

Baş yazar diqqətə çatdırıb ki, “reket jurnalistikası”nı mediamızda ən böyük problem saya bilərik:

“Bu şəxslər doğru ilə yanlış məlumatı qarışdırır. Bunun nəticəsində də xaos yaranır. Bu ola bilər ki, hansısa məmurun maraq dairəsində olan məsələ olsun, amma jurnalistlər buna imkan verməməlidir”.

Çimnaz ŞAHLAR