Professordan Müdafiə Nazirliyinə:”Məlumatın gec verilməsinin ziyanı var”

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yolu azaraq qarşı tərəfə keçib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraiti səbəbindən yolu azmışlar. Aparılmış danışıqlar nəticəsində dekabrın 20-i hərbi qulluqçuların geri qaytarılması təmin olunub.Bu barədə Ermənistan mətbuatı müəyyən spekulativ xəbərlər paylaşır. 

Azərbaycan Müdafiə Nazirliyindən isə mediaya heç bir məlumat verilməyib. Bunun nəticəsində mətbuat da, cəmiyyət də məlumatsız qalıb. Mətbuata məlumatın vaxtında verilməməsi jurnalistlərin etirazına səbəb olub.

Hadisə barədə mətbuata məlumatın gec verilməsi ilə bağlı “Sherg.az”a danışan BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli vurğulayıb ki, bəzi qurumların mətbuat xidmətləri işlərini lazımınca görmürlər:

“Əgər hərbçilərimiz yanlışlıqla yollarını azıb əsir götürülürsə, bu barədə Müdafiə Nazirliyindən rəsmi məlumat verilməlidir. İnsanlar belə halların ola biləcəyini anlayışla qarşılayır. Biz də başa düşürük ki, Müdafiə Nazirliyi bunu hərbi sistem üçün arzuolunmaz hesab edir və hərbçilərimizin geri qaytarılmasından sonra məlumat yayır. Lakin məlumatın gec təqdim edilməsinin ziyanlı tərəflər var. Xüsusilə Ermənistan mediasında bu barədə foto, video, məlumat yayılır, lakin bizim qurumlar isə heç bir məlumat vermirsə, bunun daha çox etiraza səbəb olmağı normaldı. Ən azından bildirilməlidir ki, hərbçilərimizin geri qaytarılması ilə bağlı danışıqlar aparılır. Ümumiyyətlə, qurumların mətbuat xidmətlərindən mediaya vaxtında məlumat ötürülməməsi jurnalistlərin də haqlı narazılığına səbəb olur”. 

Xanlar ƏLİBƏY