"Rusiya təmənnasız olaraq Ermənistana ağır çaplı silah verir" - MÜZAKİRƏ 

Əziz Əlibəyli: "Bu silahlar mülki hava yolu ilə aparıldığına görə, heç bir yerdə qeydiyyatı yoxdur"

"Naxçıvanın təhlükəsizliyini Türkiyə təmin edir"

Dünyanı ağuşuna alan koronavirus pandemiyası başımızı elə qatıb ki, ondan başqa heç nə düşünə bilmirik. Əslində isə həyat heç də biz düşündüyümüz kimi dayanmayıb. Əksinə, bütün sahələrdə olduğu kimi, mütəfəkkirlərin “çirkli oyun” adlandırdığı siyasətdə də ciddi hadisələr baş verir. Əlbəttə, Azərbaycan da baş verənlərdən, verəcəklərdən kənarda deyil. Bəs dünyada nələr baş verir? Bu olaylar ölkəmizə necə təsir edir? “Sherg.az” saytı olaraq bu və digər suallara cavab tapmaq məqsədilə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli ilə həmsöhbət olduq:

- Belə iddialar var ki, Rusiya və İran Ermənistana kömək edir. Bu, nə dərəcədə doğrudur?

- Gürcüstan mediasının verdiyi məlumata görə, Ermənistan müharibəyə hazırlaşır. Həmin məlumatda Rusiyanın təmənnasız Ermənistana silah, xüsusilə ağır çaplı silah verdiyi göstərilir. Bu silahlar hərbi komvoyla yox, mülki hava yolu ilə aparıldığına görə, heç bir yerdə yerdə qeydiyyatı yoxdur. Və daşınmada İran yolundan istifadə olunur. Amma həmin silahları Rusiya Azərbaycana müqavilə əsasında satır. Yəni bunun əvəzində külli miqdarda pul qazanır. Ümumiyyətlə, dünya silah bazarında Rusiyanın çox ciddi mövqeyi var idi.

- Bəs indi?

- İndi zəifləyib. 

- Niyə?

- Bu ilin əvvəlində Suriyada baş verən toqquşmalar nəticəsində 40, bəzi mənbələrə görə, 60 türk əsgəri şəhid oldu. Bundan sonra türklər PUA-larla çox ciddi intiqam aldılar. Eyni senari Liviyada da təkrarlandı. Türk ordusu Rusiyanın dəstəklədiyi Haftatı Liviya çöllərində süründürdülər. Bu, təkcə vətəndaş müharibəsi yox, həm də Türkiyə-Rusiya müharibəsinin növbəti raundu idi. Ərdoğan şimal qonşumuz üzərində qalib gəldi və beləliklə, Rusiyanın dünya silah bazarındakı mövqeyinə zərbə dəydi. 

- Bu, nələrlə nəticələnəcək?

- Rusiya öz silahlarını Ermənistanın əli ilə Azərbaycana qarşı istifadə edəcək. Çünki Pakistan və Türkiyə ölkəmizin hərbi tərəfdaşlarıdır. 

- İran niyə bizə belə münasibət sərgiləyir? Bəs müsəlmanlıq harda qaldı?

- Birdəfəlik başa düşmək lazımdır ki, söhbət Azərbaycana düşmən ölkədən gedir. Onların bizə münasibətləri ancaq ölkəmizin çökməsi ilə əlaqədardır. Guya, tarixi varisliyi bərpa etmək adı altında Şimali Azərbaycan torpaqlarını da İrana birləşdirmək istəyirlər. İranın Azərbaycana nə üçün belə münasibət sərgiləməsi isə, sözün düzü, mənim üçün də anlaşılmazdır. Hər halda İranın ölkəmizdə radikal şiəliyə maliyyə yatırması, dindarlığı dövlətə, xalqla üz-üzə qoyması, Qum şəhərindəki gəncləri bizə qarşı istifadə etmələri və başqa bu kimi amillər İranın saxta səmimiliyindən xəbər verir. Onların Dağlıq Qarabağ münaqişəsində erməniləri müdafiə etmələri bunun növbəti bariz sübutudur. 

- Sözügedən hadisələrin fonunda Azərbaycan üçün təhlükə varmı?

- Dəqiq demək çətindir. Amma artıq iki ildir ki, ABŞ Azərbaycan sərhəd qoşunlarını maliyyələşdirir və müdafiə qabiliyyətliliyini artırır. Bu isə ABŞ-İran müharibəsi başlayacağı halda Azərbaycandakı nefti və dolayısı ilə milyardlıq layihələri bir növ  sığortalamağa hesablanıb.
 
- ABŞ və İran arasındakı münasibətlər əvvəldən də ziddiyətli idi...

- Doğrudur. ABŞ-ın əvvəlki prezidenti Barak Obama İranı məhv etməyi qarşısına məqsəd qoymuşdu. Amma Obamanın arzusu ürəyində qaldı. 

- Buna səbəb nə idi?

- Obama Azərbaycanda hərbi baza yaratmaq istəyirdi. Lakin biz bloklara qoşulmama hərəkatına əsasən buna icazə vermədik. Üstəlik, Ərdoğan Türkiyə ilə İran sərhəddini götürmək və İranda valyutanın qadağan olunmuş hərəkətliliyinə zərbə endirməklə ABŞ-ın sanksiyalarını dəldi. Nəticədə təkcə İranı yox, Türkiyənin özünü də xilas etdi. Çünki Ərdoğan yaxşı başa düşürdü ki, ABŞ-ın növbəti hədəfi Türkiyədir. 

- DTX-nin Xarici İşlər Nazirliyindəki istintaq-axtarışı tədbirləri məsələyə necə təsir edəcək?

- Əlbəttə, bunun çox neqativ hal olduğunu etiraf etməliyik. Xüsusilə indiki dövrdə. Çünki Ermənistan İsraildə səfirlik açmaq istəyir. Biz buna mane olmalı, imkan verməməliyik. Amma ölkənin əsas qurumlarından birində-XİN-də baş verən hadisələr ümidlərimizi zəiflədir. 

- Naxçıvanın taleyi ilə mübahisəli fikirlər də səslənir...

- 1921-ci ildə imzalanan Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyini Türkiyə təmin edir. Yəni bizə nə qədər təzyiqlər olsa da, hər nə qədər Ağrı dağı Ararat dağı adlandırılsa da, qardaş ölkə bizə dəstək olur. Bu məsələnin həlli yolu da elə Türkiyənin əlindədir. 

- Bir neçə dəfə qeyd etdiyiniz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləriniz nədir?

- Əminliklə deyirəm ki, əgər beynəlxalq qüvvələr olmasa, Ermənistana kənardan heç bir yardım göstərilməsə, Azərbaycan işğal olunmuş torpaqlarını bir neçə günə geri qaytarar. Bunun üçün hətta müharibəyə də ehtiyac qalmaz. 

- Sizcə, belə problemlərimizin həlli naminə bizə nə lazımdır?

- Məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmalı və şüurlu vətəndaş cəmiyyəti formalaşmalıdır. Həmçinin məmur davranışları tənzimlənməli, korrupsiyaya birdəfəlik son qoyulmalıdır. Milli ideologiya inkişaf etməlidir. Çünki müxtəlif layihələr, o cümlədən cizgi filmləri vasitəsilə Avropa ideologiyası Azərbaycana ayaq açdıqca bizim üçün çox ciddi problemlər meydana gələcək. Biz gələcəyimiz olan gənclərimizi bundan qorumalıyıq.