"Koronavirusa görə quru sərhədlərini hələ açmaq mümkün deyil"

Fəzail Ağamalı: "Hamımız Operativ Qərargahın qəbul etmiş olduğu qərarlara hörmətlə yanaşmalıyıq"

"Dünyanın bütün ölkələrində hava nəqliyyatının qiymətləri ilə müqayisədə AZAL-ın biletləri ən yüksək səviyyədədir"

"Laçında baş verən proseslər göstərir ki, bu dövlət Azərbaycanla münasibətlərin normallaşmasında səmimi və maraqlı deyil. Bu da yeni müharibə üçün zəmin yaradır"

  Media və sosial şəbəkələrdə uzun zamandır müzakirə predmeti olan bir neçə məsələ var. Quru sərhədlərinin hələ də bağlı qalması, AZAL-ın bahalı uçuşları, kəskin qiymət artımları, o cümlədən Azərbaycan-Ermənistan arasındakı danışıqlar, eləcə də daxili siyasi proseslər mütəmadi gündəmə gətirilən mövzular sırasındadır. Ciddi etirazların və iddiaların ortaya çıxmasına səbəb olan mövzularla bağlı fərqli mülahizələr irəli sürülməkdədir. Mövzuların aktuallığını nəzərə alaraq millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə söhbətləşmək qərarına gəldik. Millət vəkili qəzetimizə müsahibəsində məsələlərə aydınlıq gətirməklə yanaşı, həm də ətraflı şərh verdi.. 

 - Fəzail müəllim, Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılmaması müzakirə mövzusudur. Bununla bağlı ciddi narazılıqlar, şikayətlər, o cümlədən fərqli iddialar var. Sizcə, quru sərhədləri niyə bağlı saxlanılır? 

 - Əlbəttə, biz istərdik ki, bütün sərhədlərimiz açıq olsun. Azərbaycanın və qonşu ölkələrin qanunları çərçivəsində gediş-gəlişin əvvəlki dövrə qayıtmasını istərdik. Ancaq nə edək ki, pandemiya buna imkan vermədi. Pandemiya 2020-ci ildən bugünədək dünya üzərində qara bulud kimi dolaşmaqdadır. Yəni təhlükə hələ qalmaqdadır. Digər tərəfdən meymunçiçəyi xəstəliyi də ortalığa çıxıb. Artıq qonşu ölkələrdə bu xəstəliyə yoluxanlar var. Ona görə quru sərhədlərinin açılmaması qərarı pandemiyadan doğan məsuliyyətlər, yanaşmalar, xüsusən Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah tərəfindən müəyyənləşib. Ölkənin müvafiq qurumları və vətəndaşlar buna uyğun olaraq öz fəaliyyətlərini qururlar. Bunun başqa alternativi yoxdur. Çünki ölkə istənilən səviyyədə bu cür təhlükələrə qarşı özünün imkanlarını ortaya qoyaraq vətəndaşların təhlükəsizliyini gözləməlidir. Bu baxımdan Nazirlər Kabinetinin iyunun 20-də xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edildi. Həmin qərara uyğun olaraq koronavirus infeksiyası hələ də təhlükəli mahiyyət daşıdığına görə, karantin rejimi bu ilin sentyabr ayının 1-dək uzadıldı. Buna görə də quru sərhədlərini açmaq mümkün deyil. 15-20 gün bundan qabaq Azərbaycanda koronavirusa yoluxanların sayı birinci onluğa düşmüşdü. Lakin dünənki məlumata görə, yoluxanların sayı 70-ə yaxındır. Bu, dalğavari şəkildə özünü ifadə etməkdədir. O baxımdan mən hər zaman bu və ya digər məsələlərin peşəkar formada izahının və qəbul edilməsinin tərəfdarı olmuşam. Dəyərli vətəndaşlarımıza demək istərdim ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qəbul etmiş olduğu qərarlara hörmətlə yanaşmalıyıq. Çünki orada peşəkarlar var və onlar dünya miqyasında, regionda və ölkədə pandemiya ilə bağlı gedən proseslərin dərin təhlilini aparır və ona uyğun addım atır. 

- Sərhəd məsələsində müəyyən istisnalar mümkün deyilmi? Məsələn, xarici ölkələrdə təhsil alan tələbələrin, aylardır sərhəddə gözləyən vətəndaşların Azərbaycana girişini təmin etmək olarmı? 

 - Müəyyən istisnalar var və onlar da əsasən diplomatlara aid edilir. Yaxud dövlət qurumlarında çalışan şəxslərin xaricə səfərləri ilə bağlı güzəştlər var. Ancaq müxtəlif ölkələrdə təhsil alan tələbələrimizin Azərbaycana qayıtması üçün güzəştli hava yolları nəqliyyatından istifadə etmək olar. Güzəştli taariflər tətbiq etmək mümkündür. Bildiyiniz kimi Azərbaycandan ayrı-ayrı ölkələrə qiyməti nisbətən əlçatan və aşağı olan “Buta” hava yolları ilə uçan təyyarələri var. Bunların sayını artırmaq olar. Yaxud buna bənzər mövsümi xarakter daşıyan, tələbələrə, eyni zamanda xaricdə müalicəsinə ehtiyac olan xəstə vətəndaşlara güzəştli taariflərlə hava nəqliyyatı təşkil etmək vəziyyətdən çıxış yolu olardı. Ancaq nə qədər ki, pandemiya tamamilə aradan qalxmayıb, görünür, quru yollarının açılmasına yanaşma kifayət qədər arqumentlidir. Addımlarımızı, davranışlarımızı Operativ Qərargahın qərarlarına uyğunlaşdırmalıyıq. 

 - Hava nəqliyyatı demişkən, AZAL-ın uçuş qiymətlərinin baha olması ilə bağlı ciddi narazılıq var. Bu problemi necə aradan qaldırmaq olar?

 - Bu da hər zaman deyilir, gündəmə gətirilir. Dəfələrlə vurğulanıb ki, AZAL-ın təklif etdiyi uçuş qiymətləri çox bahadır və bu taariflər enməlidir. Qiymətlər insanlarımız üçün əlçatan olmalıdır. Dünyanın bütün ölkələrində hava nəqliyyatının qiymətləri ilə müqayisədə AZAL-ın biletləri ən yüksək səviyyədədir. Səbəb olaraq deyirlər ki, xərclər daha çoxdur. Ancaq xərclərin çox olması o demək deyil ki, qiymətlər fantastik olmalıdır. Millət vəkilləri, şəxsən mən də bu məsələyə münasibətimizi bildirmişik. Çox arzulayardıq ki, Taarif Şurası AZAL-la bu məsələni bir daha müzakirə etsinlər və qiymətləri aşağı salsınlar. Hesab edirəm ki, bunun üçün Azərbaycana alternatv hava yolları nəqliyyatı şirkətlərinin xidmətləri gətirilməlidir.  

 - Müzakirə olunan məsələlərdən biri də ərzaq və qeyri-ərzaq məhsullarında qiymətlərin kəskin bahalaşmasıdır...

 - Bəli, əfsuslar oslun ki, ölkədə qiymət artımları var və bahalaşma məndə dərin təəssüf hissi doğurur.

 - Aydındır. Fəzail müəllim, millət vəkili və partiya sədri olaraq Azərbaycan-Ermənistan arasında iki ilə yaxındır davam edən danışıqlar prosesinə də münasibətinizi öyrənmək istərdim. Sülh istiqamətindəki müzakirələr, gedişat sizi qane edirmi? 
 - Ermənistan riyakar mövqeyini davam etdirməkdədir. Qeyri-ciddi bir dövlətdir. İllər boyu erməni cəmiyyəti anti-türk virusu ilə zəhərlənib. Hələ də o virusdan xilas ola bilmirlər. 44 günlük müharibədə əldə etdiyimiz qələbəni, özlərinin ağır məğlubiyyətini həzm etməkdə çətinlik çəkirlər. Bu durum ölkənin baş nazirindən tutmuş bütün cəmiyyəti əhatə edir. Bir tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını sözdə, fikirdə bəyan edirlər. Ancaq konkret addımların atılmasına gəldikdə ən müxtəlif yollarla bundan yayınırlar. Həm Rusiyanın, həm də Brüsselin vasitəçiliyi ilə əldə olunan razılaşmalara əməl etmirlər. Ola bilsin, yenidən Azərbaycan torpaqlarını işğal etmək üçün zamanın yetişməsini gözləyirlər. Ermənistan bu cür xəstə təxəyyüllə yaşayan bir ölkədir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan başlıca amil İrəvanın qeyri-ciddi, riyakar və hiyləgər mövqeyi ilə bağlıdır. Təsəvvür edin, baş nazirlər səviyyəsində bəyanatlar verilir. Sərhədlərin müəyyənləşməsi, sülh sazişinin bağlanması, eyni zamanda Qarabağda yaşayan ermənilər haqqında fərqli fikirlər ortaya atılır. Lakin münasibətlərin normallaşması istiqamətində konkret addımlar atmaq lazım gələndə dərhal Qarabağda yaşayan ermənilərin “təhlükəsizliyi və hüquqları” məsələsi gündəmə gətirilir. Nə təhlükəsizlik, nə hüquq?! Digər yandan Minsk qrupunu ortaya atırlar. Həmçinin, ABŞ və Fransada erməni diasporu həmin ölkələrin siyasi dairələrinə təsir etməklə Azərbaycana qarşı təzyiq göstərilməsinə cəhd edirlər. Azərbaycana qarşı ərazi iddialarını nümayiş etdirirlər. Məhz o baxımdan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan nümayəndəsi ilə gözlənilən görüşdən imtina etdi və doğru etdi. Ermənistanın atdığı addımlar, o cümlədən Laçında baş verən proseslər göstərir ki, bu dövlət Azərbaycanla münasibətlərin normallaşmasında səmimi və maraqlı deyil. Bu da yeni müharibə üçün zəmin yaradır. İstisna etmirəm ki, əgər Ermənistan bu mövqeyini davam etdirsə, Azərbaycanın qəhrəman silahlı qüvvələri anti-terror əməliyyatları keçirmək məcburiyyətində qalacaqlar. Bu isə Ermənistana daha sarsıdıcı zərbələr vuracaq. 

 - Milli Məclisə növbəti seçkilərin qarışıq sistemdə - majoritar və proporsional qaydada keçirilməsi təklifi yenidən gündəmə gəlib. Bu təklifi necə dəyərləndirirsiniz? 

 - Son vaxtlar siyasi mühitdə bu məsələ aktuallaşıb. Konstitusiya dəyişikliyi və referendum keçirilməsi ilə bağlı fərqli fikirlər gündəmə gətirilir. Lakin bəri başdan deyim ki, indiki zaman kəsiyində və yaxın dönəmdə hansısa referendumun keçirilməsi gözlənilmir. Ancaq gələcəkdə bu məsələnin reallaşması istisna olunmur. Söhbət seçkidə qarışıq sistemdən – yəni majoritar və proporsional seçki sistemindən istifadə etməkdən gedir. Milli Məclisə birinci çağırışda keçirilən seçkilərdə qarışıq sistemdən istifadə olunmuşdu. Sonradan qanunvericilikdə aparılan dəyişikliklərlə proporsional seçki sistemi aradan qalxdı. Çünki bu sistem keçid dövrü üçün nəzərdə tutulmuşdu. Majoritar seçki sistemi isə bugünədək qüvvədədir. Bunların hər birinin özünəməxsus üstünlüyü var. Majoritar seçki sistemi birbaşa seçicilərlə təmas deməkdir. Vətəndaşın namizədlər içərisində ən layiqlisini seçmək üçün birbaşa yaradılmış imkandır. Bu sistemdə konkretlik özünü ifadə edir. Proporsional seçki partiyalar xətti ilə keçirilir. Hesab edilir ki, proporsional seçki sisteminin tətbiqi Azərbaycanda partiyaların siyasi sistemdə yerinin və rolunun artmasına, partiyaların inkişafına müsbət təsir göstərər. Bu məsələnin qabardılmasında ölkə Prezidentinin apardığı islahatlar içində siyasi islahatların da aktuallığı nəzərə alınır və bu baxımdan arqumentləşdirilir. Bildiyiniz kimi cənab Prezidentin islahatları arasında siyasi islahatlar xüsusi yer tutur. Bununla bağlı konkret addımlar atılıb. Azərbaycanda yeni siyasi konfiqurasiya fəaliyyətdədir. Siyasi partiyaların rolunun artırılması üçün Prezident Administrasiyasında siyasi partiyalarla işi birbaşa əlaqələndirən xüsusi şöbə yaradıldı və şöbəyə hər birimizin xüsusi hörmət bəslədəyi Ədalət Vəliyev rəhbər gətirildi. Artıq siyasi partiyalar arasında kifayət qədər sivil münasibətlər formalaşıb, dialoq mühiti özünü açıq şəkildə göstərməkdədir. 

Ən müxtəlif tədbirlərdə iqtidarlı-müxalifətli, siyasi baxışından asılı olmayaraq bütün partiyaların birgə iştirakı fərqli platformalarda cəmiyyətə təqdim edilir.