Anım Günü heç vaxt unudulmayacaq

Bu gün Azərbaycan tarixinin ən qəhrəman və ən fəxarətli səhifəsi yazılıb

  Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən - 27 sentyabr Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə şəhidlərimizin xatirəsi qürurla yad edilir. 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsi bizim şanlı tariximizdir. 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərdi, bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəylik nəticəsində düşmənə sarsıdıcı zərbələr vuruldu.   Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dəmir iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici-daxili siyasəti nəticəsində xalqımız tarixinin ən möhtəşəm Qələbəsini qazandı. 

  Vətən müharibəsində 3 minə yaxın qəhrəman Azərbaycan övladı şəhidlik mərtəbəsinə yüksəldi, minlərlə vətəndaşımız qazi oldu, sağlamlığını itirdi. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmən günahsız mülki insanları hədəfə alaraq, çoxsaylı müharibə cinayətləri törətdi. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən Mingəçevir və Yevlax şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı. Lakin təcavüzkar Ermənistan xalqımızın qələbə əzmini sarsıda bilmədi. Çox qısa zamanda “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 30 il işğal altında qalmış kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizləndi. Azərbaycan Ordusunun həyata keçirdiyi unikal əməliyyatla noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciətində bəyan etdi. “Şuşasız bizim işimiz yarımçıq olar”, - deyən Müzəffər Ali Baş Komandan müasir müstəqil dövlətimizin banisi ümummilli lider Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. 

Şuşanın işğaldan azad edilməsi, bu əzəmətli məkana üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu. Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur qaldı. Beləliklə, xalqımızın 30 illi yurd həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.

 Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatı ilə Kəlbəcər, Laçın və Ağdam rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan Vətən oğullarının qisası döyüş meydanında alındı. Azərbaycanın dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan diz çökdü. Dünya kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. Vətən müharibəsinin ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğu bütün dünyaya bəyan edildi. 27 Sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim həmrəyliyimiz önəmli rol oynadı. Başqa sözlə, xalq-Prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

  Milli Məclisin sədr müavini Adil Əliyev deyib ki, Anım Günü şəhidlərimizin xatirəsini tarixi yaddaşımıza həkk edib. Deputatın sözlərinə görə, 27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistanın Azərbaycanın o zaman işğal altında olan torpaqlarında bizə qarşı törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına başladı. 

Nəticədə, Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin qətiyyəti, qəhrəman əsgərlərimizin fədakarlığı və şücaəti, Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Ərazi bütövlüyümüz bərpa olundu və düşmənə dəmir yumruqla sarsılmaz zərbə endirildi. Bununla da Azərbaycan tarixinin ən qəhrəman və ən fəxarətli səhifəsi yazıldı: "Amma qəhrəmanlıq həm də acılar, itkilər, qazilər və şəhidlər deməkdir.  Vətənimizin azadlığı uğrunda şəhidlər verdik, qazilərimiz oldu. Onların əziz xatirəsini əbədiləşdirməkvə yüksək ümummilli ehtiramımızı ifadə etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün Anım Günü kimi qeyd olunması haqqında 2 dekabr 2020-ci ildə sərəncam verdi. Qeyd olundu ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bundan əlavə, Bakıda Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Vətən müharibəsində böyük zəfər münasibəti ilə 17 yeni orden və medal təsis edilib. Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunublar. Bu tədbirlər bütün şəhidlərimizin xatirəsini əbədiləşdirməyə, eləcə də qazilərimizə və Vətən uğrunda döyüşmüş qəhrəman əsgər və zabitlərimizə olan yüksək hörmət və ehtiramı ifadə etməyə xidmət edir. 
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, əsgərlərimizin qəhrəmanlıqlarının tarixi yaddaşımıza həkk olunmasına xidmət edən tədbir və işlərdən əlavə, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının rifahının və sosial vəziyyətinin yüksəldilməsi, təhsil, səhiyyə və məişət problemlərinin həll edilməsi daim dövlət başçımızın diqqət mərkəzindədir. Bu sahə prioritet istiqamət kimi müəyyən edilmiş və bu sahədə kompleks yanaşma tətbiq olunur". 
Parlament üzvü bildirib ki, bu yanaşma təkcə Vətən müharibəsi deyil, eləcə də 1-ci Qarabağ müharibəsi iştirakçılarına və ümumiyyətlə, bütün şəhidlərimizə, qazı və müharibə iştirakçılarına şamil edilir: "Müharibədə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər təmin edilir, yaralanmış müharibə iştirakçılarının tibbi reabilitasiyası üçün işlər görülür. 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Bugünədək müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilib. “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanıb və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Bu gün ictimaiyyət nümayəndələrimiz və sıravi vətəndaşlarımız da qəhrəmanlarımızdan öz diqqət və qayğısını əsirgəmir, müntəzəm olaraq onlarla bağlı silsilə tədbirlər keçirilir. Anım Gününün təsis edilməsi qəhrəmanlarımıza qarşı bu həssaslığımızı daha da möhkəmləndirir, şəhidlərimizin əziz xatirəsini tarixi yaddaşımıza əbədi həkk edir".