AŞPA saxta “seçki”yə göz yumur:“İkili standart və ədalətsiz mövqe..”

“Azərbaycandakı kiçik bir hadisəyə görə, hay-küy salan AŞPA məruzəçiləri o boyda qanun pozuntusuna susur”

"Bu təşkilatlardan ədalətli yanaşma gözləməyə dəyməz. Azərbaycan problemini özü həll etməlidir"



Dağlıq Qarabağdakı separatçı rejimin martın 31-də keçirdiyi “seçkilər”in “ikinci tur”u da təşkil edilib. Aprelin 14-də baş tutan saxta “seçkilər”də ikinci tura keçən Masis Mailyan boykot çağırışı etdiyi üçün prosesdə iştirak etməyib. Bu da “rəqibi” Araik Arutunyanın rahatlıqla “qalib” gəlməsinə şərait yaradıb. Bununla da Nikol Paşinyan hökümətinin “seçki” şousu “Qarabağ Klanı” üzərində tam qələbə ilə bitib. Ermənistanın hər şeyə rəğmən, Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi beynəlxalq hüquqa zidd olmaqla bərabər, regionda sülhə və inkişafa da ən böyük təhdiddir. Elə ona görə də heç bir beynəlxalq təşkilat və ölkə separatçıların “seçki”sini tanımayıb. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, nüfuzlu KİV-lər və görkəmli şəxsiyyətlər “seçkiləri” məqsədli təxribat kimi dəyərləndiriblər. Lakin məlum olmayan səbəblərdən saxta “seçkilər”ə Avropa Şurası Parlament Assambleyası tərəfindən heç bir münasibət ifadə olunmayıb. Sözügedən qurum qondarma rejimin təşkil etdiyi “seçkilərə” reaksiya verməyib, quru bəyanatla da olsa çıxış etməyib. Bu məqam Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı çıxışında da yer alıb. Dövlət başçısı vurğulayıb ki, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyiblər: “Onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu “seçkiləri” tanımadı və açıq-aydın bəyanatlar səsləndi, Avropa Şurası Parlament Assambleyası isə susub. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”.

Ölkə rəhbərinin toxunduğu məqamı “Sherg.az” şərh edən Qarabağ Azadlıq Təşkilatınınm sədri Akif Nağı təəssüflə bildirib ki, Avropanı təmsil edən bir çox qurum ermənipərəst mövqedə dayanır. QAT rəhbərinin sözlərinə görə, əslində bizə qondarma “seçkilər”dən sonrakı quru bəyanat da lazım deyil. Sadəcə beynəlxalq təşkilatlar separatçıların “seçki şousu”na münasibət bildirməklə ilk növbədə öz dünyəvi mövqelərini ortaya qoyurlar: 

“Beynəlxalq qurumlardan ilkin tələbimiz odur ki, ümumiyyətlə Dağlıq Qarabağda qondarma rejimin hər hansı “seçki” şousuna imkan verməsinlər. Ən sərt formada və birmənalı şəkildə işğalçı Ermənistana təsir göstərsinlər və bu cür qanunsuz proseslərin qarşısını alsınlar. Hələlik beynəlxalq təşkilatlar kağız üzərində quru bəyanatla kifayətlənirlər. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında ermənipərəst qüvvələrin fəaliyyəti güclüdür. Onlar daim Azərbaycana qərəz nümayiş etdirirlər və işğalçı Ermənistanın mövqeyinin müdafiəsinə qalxırlar. Qondarma “seçkilər”ə səssiz qalmaları da məhz buna görədir. Azərbaycanda hansısa kiçik bir hadisəyə görə, hay-küy salan AŞPA məruzəçiləri o boyda qanun pozuntusuna göz yumurlar. Bu da onların ikili standartlar mövqeyindən çıxış etməsinin ən bariz nümunəsidir. Ona görə də o cur təşkilatlardan ədalətli yanaşma gözləməyə dəyməz. Azərbaycan problemini özü həll etməlidir. Bu da ancaq müharibə yolu ilə mümkündür”.