Paşinyana qarşı yeni cəbhə: “Lavrovun mərhələli həll planı baş naziri çətinə salıb”

“Onlar hər vəchlə bunu yalanlamağı və mərhələli həll planının olmadığını qeyd edirlər”

“Arqumentləriəsassızdır və mərhələli həll planına uyğun olaraq danışıqlar masasında əyləşiblər”



“Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı mərhələli həll planını açıqlaması işğalçı ölkədə “Qarabağ klanı”nın Nikol Paşinyana qarşı yeni cəbhə açmasına səbəb olub".

 Bunu “Sherg.az”a Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, “Qarabağ klanı” baş naziri işğal olunmuş torpaqları Azərbaycana qaytarmaqda günahlandıraraq siyasi revanş götürmək istəyir: 



“Sergey Lavrovun bu açıqlaması Paşinyan iqtidarını çox pis vəziyyətdə qoyub. Onlar hər vəchlə bunu yalanlamağı və mərhələli həll planının olmadığını qeyd edirlər. Təbii ki, onların bu arqumenti əsassızdır və mərhələli həll planına uyğun olaraq danışıqlar masasında əyləşiblər. Amma məsələnin digər fərqi ondadır ki, işğalçı tərəf planı mahiyyətcə qəbul etsə də, ilk növbədə Qarabağın statusunu ilkin şərt kimi irəli sürürlər. Bu ilkin şərt Qarabağın “müstəqilliyi” deməkdir. Bundan əlavə, mərhələli həll formulunun özü polemikadır və münaqişənin həllini kifayət qədər uzadır. Burada xalqların öz müqqədəratı prinsipinin ehtiva olunması, birbaşa işğal faktorunda erməni amilini qabardır. Həll formulu bütün danışıqları tormozlayır. Ermənistan tərəfi qəti şəkildə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmir. Ona görə də işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində danışıqların yekun nəticəsi prosesin pozulması olacaq. Əgər Minsk formatı kənara çəkilsə, Azərbaycan və Ermənistan özü bir araya gələrək həll formulu müəyyən edə bilər. Belə bir imkan və şərait mümkündür. Amma maraqlı ölkələr buna imkan vermir”.

 Siyasi şərhçinin sözlərinə görə, hazırda Ermənistan daxilində ümumi siyasi vəziyyət gərginləşir:

“Ölkədə Paşinyana qarşı yeni cəbhə formalaşır. Keçmiş Təhlükəsizlik Komitəsinin sədri Vanetisyan yeni siyasi qüvvə toplayır. Göründüyü kimi daxildə siyasi gərginliklər Paşinyanın Qarabağ danışıqlarında kompromis mövqe tutmasının qarşısını alır. Azərbaycan yalnız təzyiq vasitəsilə münaqişənin həllini sürətləndirə bilər. Uzun müddətdən sonra cəbhə xəttində artilleriyanın işə düşməsi Ermənistan üçün mesajdır. Nikol Paşinyan substantiv danışıqlara razı olsa da, nəticədən çəkinir. Paşinyan vəzifəyə gəldikdən sonra heç bir ölkənin iştirakı olmadan Prezident İlham Əliyevlə görüşdü, qısa danışıqlar apardı və şifahi razılıq əldə edildi. Azərbaycanın da marağındadır ki, üçüncü ölkələrin müdaxiləsi olmadan birbaşa danışlıqlara getsin. Onsuz da zamanla “Qarabağ klanı” sıradan çıxarılır. Bu, Ermənistan üçün şansdır və ölkənin gələcək inkişafı işğal olunmuş ərazilərdən çıxmaqdan asılıdır. Bunu Paşinyan da yaxşı bilir. Azərbaycan tərəfi postpandemiya dövründə imitasiya xarakterli danışıqlara imkan verməyəcək”.