Ciddi siqnal !Ermənilərin Qarabağa daşınmasına son qoyulmalıdır 

Müharibə zamanı Ermənistana qaçan daha 1950 erməni Azərbaycanın Qarabağ bölgəsinə gətirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə İrəvandan avtobuslarla gəliblər.

Rusiyanın əli ilə ermənilərin yenidən Qarabağa, xüsusən Xankəndinə və ətraf bölgələrə daşınması ictimaiyyətdə narahatlığa səbəb olur. Ehtimal edilir ki, Moskva Qarabağdakı ermənilərin sayını süni şəkildə artırmaqla bölgədə öz dayaqlarını möhkəmləndirmək niyyəti güdür.

 

Məsələni “Şərq”ə analiz edən politoloq Əhəd Məmmədli də hesab edir ki, rusların məqsədi Qarabağda ermənilərin sayını müxtəlif yollarla çoxaltmaqdır.

Siyasi şərhçinin sözlərinə görə, ermənilərin Qarabağda 1988-ci ildən əvvəl, yaxud işğaldan sonra məskunlaşması Rusiya üçün əhəmiyyət daşımır:

“Moskva Qarabağda erməni faktorunu mümkün qədər gücləndirməyə çalışır. Məqsəd rəsmi Bakının həmin ərazilərə nəzarətini azaltmaqdır.

Azərbaycanın dövlət başçısı dəfələrlə vurğulayıb ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi qəbul olunur. Rusiyanın bu hərəkətləri Azərbaycan üçün ciddi siqnal olmalıdır.

Moskvaya xəbərdarlıq edilməlidir ki, ermənilərin bölgəyə daşınmasına son qoysunlar. Sükutu pozmalıyıq və hərbi qalibiyyətimizi diplomatik meydanda davam etdirməliyik. Prosesin əleyhimizə işləməyinə imkan verməməliyik”.