"Qaragöl ətrafında baş verən olaylar İranın da iç üzünü açdı” - Partiya sədri

"Cənab Zonnuri regionun 30 il bundan əvvəlki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsindən əvvəl mövcud olmuş siyasi coğrafiyasını bilmədən danışıb"

“Zəngəzur dəhlizi ilə bağlı  söz-söhbətlər, Qaragöl ətrafında baş verən olaylar təkcə Fransanın, ABŞ-ın və Kanadanın deyil, ən yaxın qonşularımızdan biri sayılan İranın da iç üzünü açıb ortaya qoydu”.

Bu barədə “Sherg.az”a Milli Cəbhə Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, sərhədlərin demarkasiyası istiqamətində Azərbaycanın son günlərdə atdığı prinsipial addımlar xeyirxahlarımızı da, bədxahlarımızı da hərəkətə gətirib. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Moctəba Zonnurinin Azərbaycana qarşı qərəzli açıqlama verməsini də məhz bu kontekstdən dəyərləndirməliyik. Erməni KİV-nə açıqlama verən Zonnurinin Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləməsi sıradan bir hadisə deyil. Qonşu ölkənin parlamentarisi bu cür açıqlaması ilə əslində bütün siyasi-diplomatik normaları pozub və konkret ad çəkməsə də, region ölkələrinə meydan oxuyub. Eyni zamanda cənab Zonnurinin yaddaşının qısalığı üzə çıxıb. Adam regionun 30 il bundan əvvəlki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsindən əvvəl mövcud olmuş siyasi coğrafiyasını bilmədən danışıb. Molla-siyasətçilərin diqqətinə çatdırırıq ki, regionda hər hansı ərazi dəyişikliyindən söhbət getmir. Söhbət Azərbaycanın öz sərhədlərini bərpa etməsindən gedir. Qaragöl də Azərbaycanın dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmasının ilk günlərindən bizim nəzarətimizdə olub”. 

Regionda güclü Azərbaycanın mövcudluğunu həzm edə bilməyənlərin təhdid dili ilə danışmaları absurddur: 

“Heç kim məsuliyyətsiz açıqlama verməsin, “ikili standart”lardan çıxış etməsin. 30 il əvvəl sərhədlərimizin toxunulmazlığını pozaraq ərazilərimizi qəsb etmiş Ermənistana bir kəlmə də etirazını bildirməyən bu cür qərəzli qonşularımızın indi regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini bildirməyə mənəvi ixtiyarları yoxdur”.