Ermənistanda seçki gününə qədər təxribatlar səngiməyəcək

Bakı çox diqqətli olmalıdır, toqquşmalardan qaçmalıdır

"Bizi hərbi toqquşmalara çəkməkdə məqsəd bir tərəfdən Rusiya ilə üzbəüz qoymaq, digər tərəfdən isə beynəlxalq sanksiyaların tətbiq edilməsinə nail olmaqdır"


Mayın 27-si gecə saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları Kəlbəcər rayonu istiqamətində sərhədi keçərək, minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstəriblər. Müdafiə Nazirliyindən məlumat verilən məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb:

“Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər”. Yaxalanan erməni diversantların adları da açıqlanıb. Ermənistan Müdafiə Nazirliyi onların A.N.Abqaryan, İ.A.Sarkisyan, B.B.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və B.O.Rafaelyan olduğunu bildirib. Hərbçilərin muzdlu kimi xidmət etdiyi də qeyd edilib. Lakin erməni tərəfi iddia edib ki, həmin şəxslər diversant yox, “istehkamçı” imiş. Guya onlar gecə saat 3-də ərazidə mina axtarırlarmış. Hadisədən sonra sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Azərbaycan Müdafiə Nazirliyinin gördüyü tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də bəyanat yayaraq bildirib ki, erməni təxribatı üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır. 

Göründüyü kimi Ermənistanda 20 iyun parlament seçkiləri yaxınlaşdıqca bu ölkənin iqtidarlı-müxalifətli bütün siyasətçiləri öz təbliğatlarında xarici düşmən, sərhəd və torpaq məsələlərini qabardaraq ölkə vətəndaşlarını aldatmaqla məşğuldurlar. Artıq neçə həftədir ki, Ermənistan, guya, Azərbaycan hərbçilərinin ermənilərin hansısa ərazilərinə girdikləri ilə bağlı ölkə daxilində və xaricində dezinformasiyalar yaymağa davam edir. Proseslər göstərir ki, indi erməni cəmiyyətinin gələcəyini qurmaq şansı olduğu bir zamanda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmir. Erməni xalqını saxta iddialar və ümidlərlə aldatmaq niyyəti güdür. Əks təqdirdə bir neçə ay əvvəl ordusunun darmadağın olduğu və hazırda dövlətçiliyi sual altında qalan xalqın müxtəlif siyasətbazları təxribatlarını, revanşist siyasətlərini davam etdirməzdilər.

Azərbaycan və Ermənistanda baş verən prosesləri “Şərq”ə dəyərləndirən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələri və ondan sonra regionda yaranmış vəziyyətlə bağlı həm Ermənistanda, həm də üçüncü ölkələr arasında mövcud durumdan narazı olan, barışmaq istəməyən qüvvələr var. Partiya rəhbəri bildirib ki, üçüncü ölkələrdəki qüvvələrin Ermənistanla yanaşı, Azərbaycanda da uzantıları mövcuddur:

“5-ci kolon"un nümayəndələri hər iki tərəfdə fəaliyyətdədir. Rəsmi Bakı çox diqqətli olmalıdır. Qətiyyən provokasiyalara getməməliyik. Xüsusən, 20 iyunda Ermənistanda keçiriləcək seçkiyə kimi təmkinimizi qorumalıyıq. Ermənistanda seçki gününə qədər təxribatlar səngiməyəcək. Hətta yüksələn xətlə gedəcək. Azərbaycan indiki məqamda hərbi toqquşmalardan qaçmalıdır. Bizi hərbi toqquşmalara çəkməkdə məqsəd bir tərəfdən Rusiya ilə üzbəüz qoymaq, digər tərəfdən isə beynəlxalq sanksiyaların tətbiq edilməsinə nail olmaqdır. Rəsmi Bakı sanksiyalardan yayınmaq, Rusiya ilə birbaşa qarşıdurmaya getməmək üçün çox diqqətli davranmalıdır”. 

S.Əkbər vurğulayıb ki, burada kəşfiyyat-təhlükəsizlik qüvvələrinə də böyük iş düşür:

“Sərhəd qüvvələrimiz daim peşəkarcasına hərəkət etməlidir. Düzdür, sərhədçilərimiz mühafizə və əməliyyat işini yaxşı bilirlər. Ancaq onları Xarici İşlər Nazirliyinin tövsiyələri ilə də təlimatlandırmaq lazımdır. Sərhədçilərimiz bütün hallarda təhrikedici hərəkətlərə uymamalı, rəsmi Bakının mövqeyinə uyğun davranış sərgiləməlidirlər”.