“Ağdam görkəminə görə ilk Avropa tipli bölgə şəhəri ola bilər”

"Ağdamın yeni layihəsi mənə maraqlı gəldi".
"Sherg.az" xəbər verir ki, bunu ağdamlı Əməkdar jurnalist Aydın Bağırov feysbukda yazıb. 
Jurnalist vurğulayıb ki, Ağdamdakı işlər Prezidentə və ictimaiyyətə təqdim olunduğu kimi keyfiyyətlə başa vurulmalıdır ki, sonra problemlər yaranmasın: 

"Yalnız bu halda Ağdam görkəminə görə Azərbaycanda ilk Avropa tipli bölgə şəhəri ola bilər. Şəhərin mərkəzində süni göl, açıq havada muzey, meşə-park və Ağdamda tramvay! Əlbəttə, ideya fikrimcə, ümumən uğurludur. Amma Ağdamın çox sakini Bakıda Ağ şəhərdəki kimi tikilməsi gözlənilən yaraşıqlı binada deyil, dədə-babadan alışdığı həyət evlərində yaşamaq istəyir. Digər rayonlarımızda yerli sakinlərin yaşadığı kimi".

A.Bağırov bir məsələylə bağlı da narahatlığını bölüşüb: 

"Daha bir məsələ. Mənim (şərti olaraq) babama, atama məxsus torpaqların taleyi necə olacaq?.. Qəribədir, dövlət qurumları son 6 ayda bu suallara hələ də aydınlıq gətirməyib. Yeni Ağdamımız isə istənilən halda gözəl bir şəhər olacaq. Prezident İlham Əliyevin dediyi kimi "Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”.