"Rusiya istəsə belə, Qarabağda qalmaq üçün bəhanə tapa bilməyəcək"

“Azərbaycan dövləti bütün resurslarını qəti və təcili şəkildə Qarabağın abadlaşdırılmasına və bərpasına yönəltməlidir”.

Bu sözləri "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, ən azı üç ilə bütün ərazilər müasir və göz oxşayan şəkildə yenidən bərpa olunmalı, köçkün əhalinin əksər hissəsi geri qayıtmalıdır:

“Bu, bizə, Rusiyanın sülhməramlı missiyasına beş ildən sonra xitam vermək üçün lazımdır. Ərazilər böyük ölçüdə bərpa ediləndən sonra dünya ictimaiyyəti bu ərazilərdə artıq heç bir müharibə izlərinin və şəraitinin olmadığını görməlidir. Belə şərait, eyni zamanda, erməni əhali üçün də cəlbedici olacaq, ömürlərində görmədiklərini uzaqdan görüb, burda yaşamağa can atacaqlar. 
Bu vaxt Rusiya istəsə belə, Qarabağda qalmaq üçün bəhanə tapa bilməyəcək və beş ildən sonra bizim çıxmaq tələbimizi sakit qarşılayacaq. Təbii ki, o vaxta kimi sərhəd və sülh məsələləri öz həllini tapacaq. Rusiyanın hansısa provakasiya edəcəyi təqdirdə dünya ictimaiyyətinin onun əsl üzünü görəcək deyə, istəməsə belə, Qarabağdan çıxmağa məcbur olacaq, çünki Rusiya Qarabağda özünü sülhməramlı kimi qələmə verir. Bu, əks halda, bizim də etirazımız ilə də qarşılanacaq. Odur ki, Qarabağın bərpasında dost və qardaş ölkələrlə birlikdə sürətlə çalışmaq lazımdır. Bu, məncə, Rusiyanı Qarabağdan sakitliklə bu beş ildə çıxarmağa bəs edəcək”.