Beynəlxalq Ədalət Məhkəməsinə müraciət: Müharibə cinayətkarlarına cəza...

“Azərbayacan ərazisində mülki əhaliyə qarşı törədilən cinayətlər, mülki əhalinin məskunlaşdığı ərazilərin qadağan olunmuş raketlərlə vurulması, bunlar hamısı müharibə qaydalarının pozulmasıdır”
“Əslində müharibə cinayətləri bir ölkənin qanunvericiliyi ilə cəzalandırıla bilməz. Beynəlxalq hüquqda müharibə cinayətlərinə görə beynəlxalq məhkəmələr tərəfindən cəzalar müəyyən olunur”
“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, Azərbaycan müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi bu istiqamətdə tədbirlər həyata keçirir”. Bu fikirləri Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib. Sənədlərin təqdim olunmasında, hazırlanmasında prokurorluğun da özünə aid hissədə iştirak etdiyini bildirən baş prokuror əlavə edib ki, konkret cinayət işlərinin istintaqı zamanı əldə olunmuş maddi sübutlar  toplanıb:

“Hamısı həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də olunacaq.Hazırda isə  sübutların toplanması davam edir”.       

Məsələyə münasibət bildirən hüquq üzrə hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadə "Sherg.az"a bildirib ki, bu cinayətlər Azərbaycan ərazisində törədilib. Ona görə baş verən cinayətlərə hüquqi qiymətin verilməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir: 

“Bu cinayətləri kim törədib, əmrləri kim verib, zərər çəkənlər kimlərdir onların barəsində məlumat verilməlidir. Baş prokurorun qeyd etdiyi fikirlər həm də onu göstərir ki,müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq hüquq - mühafizə orqanları və prokurorluq bu məsələ ətrafında çox ciddi çalışırlar. Şübhəsiz qiymət veriləcək və yenidən müvafiq qurumlar  bu haqda ictimaiyyəti məlumatlandıracaq. Əslində müharibə cinayətləri bir ölkənin qanunvericiliyi ilə cəzalandırıla bilməz. Beynəlxalq hüquqda müharibə cinayətlərinə görə beynəlxalq məhkəmələr tərəfindən cəzalar müəyyən olunur.Bu baxımdan hesab edirəm ki, biz beynəlxalq hərbi tribunalın üzvü olmasaq da, Birləşmiş Millətlər Təşkilatının(BMT)qərarı ilə məhkəmə işi qaldıra bilərik. Azərbayacan ərazisində mülki əhaliyə qarşı törədilən cinayətlər, mülki əhalinin məskunlaşdığı ərazilərin qadağan olunmuş raketlərlə vurulması, bunlar hamısı müharibə qaydalarının pozulmasıdır. Müharibənin özünün aparılması da müəyyən qaydalarla tənzimlənir. Cenevrə konvensiyasına görə mülki əhaliyə qarşı hər hansı bir gücün tətbiq edilməsinə yol verilməməlidir. Hətta əsrlərlə bu davranış qaydaları tənzimlənib. Biz hansısa fikir söyləyə bilərik, ancaq məsələyə hüquqi qiymət vermək Azərbaycan Respublikası Prokurorluğunun işidir. Belə hesab edirəm ki, prokurorluq bu istiqamətdə çox gərgin iş aparır. Gec-tez biz bununla bağlı beynəlxalq məhkəmələrə də müraciət edəcəyik”.

Ç.Qənizadə onu da əlavə edibh ki, hazırda BMT-nin ədalət məhkəməsində Ermənistanın Azərbaycana,  Azərbaycanın isə Ermənistana qarşı iddialarının ilkin dinlənməsi keçirilir:

“Bu ilin sentyabr ayının 14-15-də Ermənistan Azərbaycana qarşı iddia qaldırdı. Diqqət edin, işğalçı bir dövlət dərhal irqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı konvensiyanın tələblərinin guya Azərbaycan tərəfindən pozulması ilə bağlı iddia qaldırdı. Bir həftə sonra sentyabrın 20-də Azərbaycan iddiasını qaldırdı və bu iddia daha əsaslı, daha tutarlıdır. Bu cür məhkəməklər davam edəcək. Hələ 2021-ci ilin 15yanvar tarixində rəsmi Bakı Ermənistana qarşı Avropa İnsan Hüquqları məhkəməsinə iddia təqdim edib”.

Hazırda  bu istiqamətdə proseslərin davam etdiyini, bunların arxasında hüquq- mühafizə orqanlarımızın, baş prokurorluğun əldə etdiyi sübut və faktların dayanığını bildirən hüquq müdafiəçisi həmin faktların toplanıb, beynəlxalq məhkəmələrə göndərildiyini vurğulayıb:

“Hazırda işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə qiymətləndirmə prosesi gedir. Bu proses əsnasında Azərbaycana dəymiş zərərlər hesablanır. Azərbaycanın mülki vətəndaşlarına, ölkənin inzibati resurslarına ,eyni zamanda sahibkarlıq subyeklərinə,dövlətin yeraltı-yerüstü sərvətlərinə dəymiş zərərlər var. Ümid edirəm ki, gələcəkdə Ermənistanın təzminat verməsi, Azərbaycana vurduğu zərərin ödənilməsi ilə bağlı daha böyük məhkəmə proseslərinin şahidi olarıq”.