Rusiya şirkətləri də Qarabağın bərpasına qatılır


Vüqar Məmmədov: "Bu həm məskunlaşma prosesinin tezləşməsinə, həm də prosesin daha tez həyata keçirilməsi baxımından vacib hesab olunur"

"Rusiya İxrac Mərkəzi" SC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumu imzalanıb.
"Sputnik Azərbaycan" xəbər verir ki, imzalanma mərasimi Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbir zamanı baş tutub.
Sənədi Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
İqtisadiyyat nazirinin müavini Elnur Aydınov Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən "Ağıllı şəhər" mövzusunda tədbirdə deyib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Bu kimi tədbirlər əlaqələrin inkişafında mühüm rol oynayır.
Bu ilin iyul ayında Rusiyadan Azərbaycana biznes missiyanı qəbul etdiklərini vurğulayan Aydınov bildirib ki, həmin ərəfədə potensial layihələrlə bağlı müzakirələr aparılıb. Rusiyaya məxsus "KamAZ" ASC ilə Azərbaycana məxsus "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi arasında müqavilə imzalanıb.

Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev Cəbrayıl rayonunda Tatarıstanın Baş nazirinin müavini, Sənaye və ticarət naziri Albert Kərimovla birlikdə "Araz Vadisi İqtisadi Zonası"nın ilk rezidenti - "KamAZ" servis mərkəzinin təməlini qoyub. Burada yalnız "KamAz" markalı yük maşınlarına xidmət edilməyəcək, bütün yük avtomobillərinə, həmçinin aqrar texnikalara xidmət göstəriləcək. Hazırda həmin layihənin biznes planı hazırlanır.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 günlük müharibə ilə 30 il davam edən işğala son qoyub:

"Hazırda bizim ölkə üçün prioritet uzun illər davam edən işğal nəticəsində dağıdılmış ərazilərimizin bərpası, həmçinin, əhalinin ora qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu məqsədlə böyük bərpa işləri həyata keçirilir. Prezidentin dediyi kimi, Azərbaycan dost ölkələri bu prosesdə görməyə şaddır. Bu kontekstdə Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məqsədlərimizə çatmaqda əlavə impuls verərdi. Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olub".

Elnur Aydınovun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi icra edilir və proses yekunlaşmaq üzrədir. Layihə "Ağıllı kənd"in bütün elementləri üzrə icra edilir. Növbəti ilin əvvəlində mərhələli şəkildə əhalinin həmin kəndə köçürülməsi planlaşdırılır. Həmçinin, işğaldan azad edilmiş digər ərazilərdə də "Ağıllı kənd" layihələrinin icrası nəzərdə tutulur. Artıq bu çərçivədə işlər həyata keçirilir.

Qarabağda bərpa, yenidərqurma işlərində Rusiya şirkətlərinin iştirakına münasibət bildirən Milli Məclisin deputatı Vüqar Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Qarabağın bərpası hazırda davam edir. Deputat qeyd edib ki, bu bərpa prosesində fərqli ölkələrin şirkətlərinin iştirakı gözlənilir: 

“Bildiyimiz kimi, Türkiyə, İtaliya, Pakistan, İsraillə yanaşı Rusiya şirkətləri və Macarıstan şirkətləri də məhz bu prosesdə iştirakla bağlı müraciət ediblər. Ümumiyyətlə, prosesə sərmayə qoyuluşu və daha çox ölkələrin sərmayə qoyuluşuna cəlb edilməsi məqsədəuyğundur. Çünki bu həm məskunlaşma prosesinin tezləşməsinə, həm də prosesin daha tez həyata keçirilməsi baxımından vacib hesab olunur. Eyni zamanda nəzərə alsaq ki, bu da nəticə etibarilə həm də imkan verəcək ki, müəyyən infrastruktur layihələri, iqtisadiyyatın formalaşması məhz digər ölkələrdən cəlb edilən sərmayələr hesabına formalaşsın. Təbii ki, söhbət xarici borclanmadan getmir. Azərbaycan Qarabağı daxili mənbələr hesabına xarici borclanmaya getmədən qurur və bərpa edir. Ancaq xarici şirkətlər xüsusən investisiya qoyuluşunda iştirak edəcəklər. Ona görə də təbii ki, digər ölkələrində bu prosesə cəlb olunması və sərmayə qoyuluşunda iştirak etməsi, həm sərmayənin formalaşması, həm də  bütövlükdə işğaldan azad olunan ərazilərimizin iqtisadi baxımdan reinteqrasiya prosesinin sürətlənməsinə gətirib çıxara bilər”.