TƏCİLİ ! - Qarabağda nə baş verir?"Rusların şəxsi heyətində kadr çatışmazlığı..."

Son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulur. Düşmənə adekvat cavab verilir. Və bunun fonunda müxtəlif iddialar ortaya atılır. Bəzilərinin fikrincə, Azərbaycan ordusu növbəti anti-terror əməliyyatına hazırlaşır. Bir qrup ekspert isə bunu tamamilə istisna edir və proseslərin diplomatik yolla həll ediləcəyini düşünür. 

 Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı bir vaxtda əslində bizim üçün unikal imkan yaranıb. Bəs bu imkandan necə yararlanmaq lazımdır? 

Bu və digər suallar barədə hərbi ekspert Ədalət Verdiyevlə söhbətləşdik:

- Son vaxtlar intensivləşən təxribatların arxasında nə dayanır?

- Bu, bir az da Ukraynada baş verən proseslərlə bağlıdır. Ola bilsin, oradakı separatçıların fəaliyyəti Qarabağdakı terrorçuları da cəsarətləndirib. Azərbaycan tərəfi kifayət qədər təsirli və adevakvat tədbirlər görür. Buna kimsənin şübhəsi olmamalıdır. 

- Növbəti anti-terror əməliyyatı gözlənilirmi?

- Bunu heç vaxt istisna etmək olmaz. Biz mövcud problemləri daha az itkilərlə həll etməyə çalışırıq. Amma əsgərimiz daim hazırdır. Rusiyanın proseslərə münasibətinin necə olması o qədər də əhəmiyyətli deyil. Daha vacib odur ki, Qarabağdakı sülhməramlılar açıq şəkildə tərəf tuturlar. Biz bunu aydın görürük. 

- Potensial toqquşma tərəflər arasında əlaqələrin normallaşmasa necə təsir edər?

- Azərbaycan Qarabağ separatçıları ilə Ermanistan hakimiyyəti arasında ziddiyyət yaratmağı bacarıb. Hazırda Ermənistanda Qarabağda baş verənlərə sərt reaksiya göstərən çox az rəsmi şəxs var. Bu mənada rəsmi İrəvan ehtimal edilən anti- terror əməliyyatından narahat deyil. Çünki iqtidar Qarabağın gec- tez Azərbaycanın olacağını bilir. 

- Rusiya ilə Ukrayna arasındakı müharibənin regiona təsiri nədən ibarətdir?

- Birbaşa təsiri elə də çox deyil. Lakin bu müharibə Azərbaycanın hərbi sənaye cəhətdən hər iki tərəfdən üstün olduğunu bir daha ortaya qoydu. 

- Belə məlumat var ki, sülhməramlılar Qarabağdan çıxarılaraq Ukraynaya aparılır. Sizcə, bu nə qədər doğrudur?

- Bəli, həqiqətdir. Amma bu, kütləvi kampaniya deyil. Sülhməramlı kontingentin təxminən 10-15 faizi Ukraynaya gedib. Görünür, rusların şəxsi heyətində kadr çatışmazlığı yaranıb.