Türk hərbi ekspertdən sensasion AÇIQLAMA: "Qarabağda yeni uğurlu nəticələr..."

Son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs intensiv olaraq pozulur. Düşmən ayrı- ayrı rayonları hədəf alır. Bununla paralel olaraq isə, diplomatik münasibətlərin bərpası prosesi davam edir. Bu iki məqam bir- birinə zidd olsa da, erməni məkri öz sözünü deyir. Regionda baş verənləri Rusiya ilə Ukrayna arasındakı müharibə ilə əlaqələndirənlər də az deyil. Bəzilərinin fikrincə, indi unikal şərait yaranıb. 

Bəs bu şəraitdən kim necə istifadə edəcək?

Bu barədə türkiyəli hərbi ekspert, ehtiyatda olan zabit, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş Hamit İltaşın fikirlərini öyrəndik.

- Son vaxtlar Qarabağdakı hərəkətlənməni necə qiymətləndirirsiniz?

- Belə məsələlər adətən ictimaiyyətə dərhal açıqlanmır. Oxşar durumlarda ən düzgün seçim rəsmi məlumatlara inanmaqdır. Ancaq şəxsən mənim fikrimcə, baş verənlər Azərbaycanın xeyrinədir. Yaxın vaxtlarda Qarabağda yeni uğurlu nəticələr görə bilərik. 

- Anti- terror əməliyyatları da nəzərdə tutduğunuz bu uğurlu nəticələrə daxildir?

- Terror cəhdi ehtimalı var və uzun müddət olacaq. Amma Azərbaycan ordusu həmin cəhdlərin qarşısını almağa həmişə hazırdır. Bu isə o deməkdir ki, antiterror əməliyyatlarını tamamilə istisna etmək olmaz.

- Sizcə, yeni savaş gözlənilir?

- Nikol Paşinyan hakimiyyəti üçün bunun arzuolunan olduğunu düşünmürəm. İkinci Qarabağ müharibəsi nəticəsində iqtisadi və sosial böhran yaşayan ermənilərin buna gedəcəkləri ağlabatan deyil. Həmçinin Paşinyanın arxasındakı güclər də buna icazə verməzlər. Ukraynadakı müharibədə uğursuzluğa düçar Rusiyaya da belə bir savaş sərf etmir. 

- Ümumiyyətlə, Kremlin hazırda müharibə şəraitində olması Azərbaycana necə təsir edir?

- İqtisadi baxımdan müəyyən çətinliklər olacaq. Hazırda tərəfsizlik və həm Rusiyanı, həm də Ukraynanı diplomatiya masası arxasına əyləşdirmək istiqamətindəki səylər Azərbaycan üçün çox vacibdir. Bu baxımdan Azərbaycanla Türkiyənin tutduğu mövqe olduqca təqdirəlayiqdir. Rəsmi Bakı hazırkı ritorikanı davam etdirdiyi müddət ərzində müharibənin qazanan tərəfi olacaq. Savaşın nəticəsindən asılı olmayaraq, Azərbaycan hazırkı böhrandan qalib olaraq çıxacaq. 

- Bəs müharibə regionda nələri dəyişdi və dəyişəcək?

- Müharibə özü ilə birlikdə Rusiyaya qarşı sərt sanksiyaları gətirdi. Moskva, bəlkə də, adekvat addımlar ata bilər. Amma xalq Prezident Vladimir Putini lazımi qədər dəstəkləmir. Camaatın böyük əksəriyyəti bu müharibəni qəbul etmir. Kəşfiyyat xidmətlərinin məlumatına görə bu savaşdan dərhal sonra Cənubi Qafqazda yeni müqavimət hərəkatı başlanacaq.