Laçın yolunda dinc aksiya hələ bitməyib

Erməni mediası yalan məlumatlar yayırlar

"Azərbaycanlı ekofəalların və könüllülərin məqsədi humanitar yüklərin hərəkətinə mane olmaq deyil, ekoloji məsələlərə diqqəti yönəltməkdir"

  Bir sıra erməni KİV Xankəndi-Şuşa yolunda təşkil olunan dinc aksiyanın bitdiyi barədə yalan məlumatlar yayıblar. Fransa daxil olmaqla bəzi dövlətlərin media qurumları isə aksiya barədə qərəzli informasiyalar yayır, Laçın yolunun bağlı olması yalanını tirajlayır, ermənilərin "humanitar fəlakətlə üzləşməsindən" dəm vururlar. Lakin azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Laçın yolunda keçirtdikləri aksiya izdihamla davam edir.

Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatlar da qoşulmaqdadır. Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər. 

Aksiyada etiraz edənlərin əsas tələbləri azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır. Bununla yanaşı, Laçın yolunda ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması tələb olunur. Dəfələrlə vurğulandığı kimi də Laçın yolu bağlı deyil və rus sülhməramlıların təminat konvoyları, o cümlədən Xankəndidən gələn təcili yardım maşınları yoldan sərbəst şəkildə, maneəsiz keçirlər. 

  Millət vəkili Vüqar Bayramov bir sıra aparıcı xarici mətbuat orqanlarının qərəzli mövqe nümayiş etdirməsindən, Azərbaycanı əsassız ittiham etmələrindən təəssüfləndiyini deyib. Deputat bildirib ki, saxta ittihamlar zamanı hətta adı Brüsseldəki korrupsiya araşdırmalarında hallanan şəxslərə belə istinad etməkdən çəkinmirlər: 

"Azərbaycanlı ekofəalların və könüllülərin məqsədi humanitar yüklərin hərəkətinə mane olmaq deyil, ekoloji məsələlərə diqqəti yönəltməkdir. Yayılan video-görüntülər də göstərir ki, humanitar yük daşıyan avtomobillər Laçın yolunda maneəsiz hərəkət edə bilirlər. Əslində ətraf mühitin qorunması ilə bağlı etiraz beynəlxalq hüquqa, BMT konvensiyalarına və eləcə də Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. 

Nəzərə almaq lazımdır ki, Ağdərə rayonunda yerləşən qızıl bulaq mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından biri hesab olunur. Ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. 

“Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarını talayıb. Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub.

  Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan yüz milyon dollarla ifadə olunur. Bu hadisənin ən ciddi tərəfi məhz Azərbaycanda milli həmrəylik və vətənpərvərliyin kifayət qədər yüksək olması və xalqımızın xarici təhdidlərə hər zaman birgə cavab vermək əzmində olduğunu bir daha nümayiş etdirməsidir. Birliyimiz heç zaman sarsılmasın".