Bakı Xankəndi ilə təmaslar qurur

Sadəcə, təmasların qurulduğu şəxsi açıqlamır 

İndiki mərhələdə bu, düzgün addımdır. 2023-cü ildə bu məsələnin detallarının ortaya çıxacağı, hətta lazımi siyasi şərait formalaşacağı təqdirdə Bakı təmasların qurulduğu şəxsi də açıqlaya bilər


  "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çıxışını ümumilikdə rəsmi Bakının 2023-cü il strategiyası kimi də qiymətləndirmək olar". Bu sözləri "Şərq"ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Analitik XİN başçısının "Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir” sözlərini bu cür şərh edib: "Nazirin qeyd etdiyi 8 Azərbaycan kəndi, Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın işğal olunmuş Kərki kəndidir. Prezident İlham Əliyev də dekabrın 23-də Fransa rəhbəri Emmanuel Makronla telefon danışığı zamanı Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd etmişdi. Həm ölkə başçısının, həm də xarici işlər nazirinin bu məsələni dilə gətirməsi rəsmi Bakının işğal altında olan 8 kəndi unutmadığını və 2023-cü il üçün strateji hədəf olaraq qarşıya qoyulduğunu göstərir. 

Ceyhun Bayramovun mətbuat konfransında toxunduğu məqamlardan biri də son zamanlar xüsusilə aktuallaşan, özünü separatçıların lideri olaraq görən erməni milyarder Ruben Vardanyanla bağlı oldu. Nazir açıq şəkildə bildirdi ki, Azərbaycanın Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq. Lakin bu o demək deyil ki, Bakı Xankəndi ilə təmaslardan imtina edib. Ümumiyyətlə, belə təmaslar olmalıdır və Xankəndi erməniləri adından təmas qurulacaq şəxsi rəsmi Bakı özü müəyyənləşdirməlidir. Nazirin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, Bakı Xankəndi ilə təmaslar qurur, sadəcə, təmasların qurulduğu şəxsi açıqlamır. İndiki mərhələdə bu, düzgün addımdır. 2023-cü ildə bu məsələnin detallarının ortaya çıxacağı, hətta lazımi siyasi şərait formalaşacağı təqdirdə Bakı təmasların qurulduğu şəxsi də açıqlaya bilər".

  Ekspertə görə, C.Bayramovun çıxışında diqqətçəkən məqamlardan biri də onun “Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir” sözləri oldu:

 "Prinsip etibarilə bu, doğrudur. Belə ki, sırası ilə öncə iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilməli, daha sonra yekun sülh müqaviləsi imzalanmalıdır. Yekunda isə kommunikasiyaların açılması prosesi getməlidir. Bütün hallarda iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilmədən sülh müqaviləsindən danışmaq əbəsdir. Ermənistan hazırda həm danışıqlar prosesini ləngidir, həm də 10 noyabr bəyanatının tələblərini icra etmir. Halbuki rəsmi İrəvan 10 noyabr bəyanatına görə öhdəliklər götürüb. Yəni indiki məqamda Ermənistanın danışıqlar prosesini dəyişmək cəhdi və ya prosesi ləngitməsi ciddi nəticələr doğura bilər. Görünən odur ki, Rusiya tərəfi Azərbaycanın bu istiqamətdə tələblərinin qarşısını “erməni silahlılarının çıxarılması Ermənistanın öhdəliyidir” deyərək almağa çalışır". 

  T.Rzayev vurğulayıb ki, Rusiya sülhməramlıların bölgədə qalmasında maraqlıdır:

 "Çünki erməni silahlı birləşmələrinin regionda qalması Kremlin Bakıya qarşı təzyiq etməsinə imkan verir. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, döyüş postları qurmasına şərait yaradan da məhz sülhməramlılardır. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. 

  C.Bayramov bu məsələ ilə bağlı “Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik” dedi.

 Yəni Azərbaycan bir müddət bu məsələnin həlli istiqamətində danışıqlar apara bilər, lakin danışıqların uzanması və nəticəsiz olması antiterror əməliyyatının başlanmasına gətirib çıxara bilər.

  Nəticə etibarilə, 2023-cü ildə kiçikmiqyaslı atışmalar və gözdağı xarakterli antiterror əməliyyatının şahidi ola bilərik".