Qarabağda məhz burada doğulan ermənilər yaşayacaq



Bakının demoqrafik siyasətində bu prinsip tətbiq ediləcək


  "Prezident İlham Əliyev Münhendə bildirdi ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə deyil”. Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, bununla Ruben Vardanyanın qəbul edilməyəcəyi, Rusiyanın Ruben üzərindən inteqrasiya prosesini nəzarətə götürmək və öz maraqlarını yeritmək cəhdinə imkan verilməyəcəyi mesajı verildi: 

"Hərçənd Prezidentin “erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri” sözləri perspektivdə Bakının demoqrafik siyasətinin də əsasını təşkil edə bilər. İşğal dövründə Ermənistan tərəfindən demoqrafik vəziyyətə təsir etmək məqsədilə Qarabağa bölgədə doğulmamış ermənilərin köçü həyata keçirilib. Müharibədən sonra belə ermənilərin hələ də Qarabağda olduğu istisna deyil. O cümlədən, Rusiyanın əhalinin sayını artırmaq üçün Qarabağa daşıdığı ermənilər arasında bölgədə doğulmayanları, ümumiyyətlə, burada yaşamamış şəxsləri gətirdiyi də bəllidir".
Ekspertə görə, arxivdə işğal dövrünə qədər Azərbaycan vətəndaşı olmuş ermənilərin siyahısının olduğu istisna deyil: "Üzərindən 30 il keçsə də, həmin şəxsləri və onların övladlarını müəyyənləşdirmək mümkündür. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir. Gözləniləndir ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsip tətbiq ediləcək".