Laçın yolunda humanitar fəlakət yoxdur

Avronest PA  Ermənistanın qətnamələrini rədd etdi

  Avronest Parlament Assambleyasının (PA) Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən 10-cu sessiyası başa çatıb.
Sessiyada Milli Məclisi parlamentin komitə sədri Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib.
10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən dəyişikliklər təklif olunmuşdu. Dəyişikliklər “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edirdi.

Layihələrin qəbul olunması üçün Ermənistan parlamentinin spikeri və Xarici İşlər Nazirinin müavini Avronest Parlament Assambleyasının iştirakçılarına videomüraciət ediblər.

  Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

  “Beynəlxalq tədbirlərdə regionda dayanıqlı sülhün formalaşdırılması üçün konstruktiv mövqe çox önəmlidir. Ancaq Moldovanın paytaxtı Kişineu şəhərində təşkil edilən Avronest Parlament Assambleyasın 10-cu plenar sessiyasında və eləcə də komitə iclaslarında iştirak edən Ermənistan nümayəndə heyəti sülhə və regionda əməkdaşlığa xidmət göstərmir. Onlar daha çox Laçın yolunun "bağlanması", Qarabağda "humanitar fəlakətin" olması kimi əsassız çıxışlara fokuslanıblar”. 
Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. O, deyib ki, Ermənistan deleqasiyası “Laçın dəhlizinin açılması”, “blokadasının götürülməsi”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT-in Minsk qrupunun fəallaşması” kimi əsassız qətnamələr hazırlayıb təqdim ediblər. Deputatın sözlərinə görə, onların hamısı səsvermədə rədd edilib: "Azərbaycan nümayəndə heyətinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib. Ermənistan deleqasiyası nəinki siyasi komitədə, hətta enerji təhlükəsizliyi komitəsində də Laçın yolunda vəziyyət və digər əsassız məsələləri gündəmə gətirib. 

Fərqli profilli komitələrdə feyk siyasi bəyanatlar oxumaq ondan xəbər verir ki, Ermənistan tərəfi regionda sülhün əldə edilməsində hələ də maraqlı deyil. Regionun inkişafı isə dayanıqlı sülhdən çox asılıdır".