Mürəkkəb OYUN: Rusiya ilə İran üz-üzə


Rusiya ilə İranın Laçın postunda maraqları uzlaşır, Zəngəzur dəhlizində toqquşur
  "İrəvan Laçına post qoyulmasını Zəngəzur dəhlizində də eyni rejimin - sərhəd-keçid məntəqəsinin qurulması prinsipinə görə qəbul etmişdi. Lakin Bakı “Laçın dəhlizi”ndə istədiyinə nail olandan sonra Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmədi". Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 
Ekspert bildirib ki, Türkiyə və Rusiyanın bu məsələdə eyni mövqedən çıxış etməsi bizim əlimizi gücləndirən amildir: "Moskvada sonuncu görüşün nəticəsindən də belə görünür ki, İrəvana yalnız terminologiyadan imtina etmək vədi verilir. Dəhliz ifadəsindən imtina olunur, lakin “maneəsiz keçid” təmin olunmalıdır. Baş nazir müavinlərinin üçtərəfli görüşündə də bu mövqe dəyişməz qaldı. Türkiyədə seçkilərin başa çatmasından sonra Prezident R.T.Ərdoğanın Bakıya ilk səfərində Zəngəzur dəhlizi yenidən gündəmə gəldi. Bunun reallaşması istiqamətində daha intensiv işləməklə bağlı müzakirələr aparıldı. Bu situasiyada Ermənistan Laçında postu ləğv etmək və Zəngəzurdan “maneəsiz keçid” verməmək prioritetini seçib. İndiyə qədər bunu ritorika ilə dilə gətirirdilərsə, görünür, artıq praktik müstəvidə hərəkətə keçirlər. Beynəlxalq müstəvidə Laçın postu ilə bağlı Bakıya təzyiq cəhdlərinin nəticə verməməsi fonunda atəşin açılmasının birdən çox hədəfi ola bilər. Postda indiyə qədər təmin edilən təhlükəsizlik şəraitini pozurlar. Təxribatla postda hərəkəti dayandırırlar. Bu, Qarabağa kənar müdaxilənin qarşısını almaq baxımından Bakının istifadə edə biləcəyi amil olmaqla yanaşı, erməni əhalisinin postdan istifadəsinin arxa plana keçirilməsi baxımından Ermənistana, Rusiyaya və separatçılara sərf edən məqamdır. Çünki ermənilərin postdan istifadəsi onlarla təmasların qurulmasına və təbii reinteqrasiyaya şərait yaradır. Postun bağlanmasını beynəlxalq müstəvidə Bakıya təzyiq üçün istifadə edə bilərlər. Bu, İrəvana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini gücləndirmək, ruslara və separatçılara erməni əhalisi ilə azərbaycanlıların təmaslarının qarşısını almaq üçün lazımdır".
  Analitik qeyd edib ki, təxribat hücumlarının “dəhliz planı”na qarşı praktik müstəvidə atılan addım olduğu bəllidir: "Ötən ayın sonunda bu istiqamətdə erməni diversiya qrupunun hücumu da buna hesablanmışdı. Hələ o zaman yazırdıq ki, “bu, ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq və mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsi ola bilər. Diqqətçəkən məqamlardan biri də Ərdoğanın Bakı səfərindən sonra Zəngəzur dəhlizinə problem yaradan ölkənin İran olduğunu açıqlaması idi. Təxribat hücumlarında Rusiyanın maraqları olduğu kimi, İranın da bu və ya digər formada iştirakı istisna edilməməlidir. Burada Rusiya ilə İranın maraqlarının uzlaşdığı və toqquşduğu məqamlar maraqlıdır. Hər iki tərəfin Laçın postunda maraqları uzlaşır, Zəngəzur dəhlizində toqquşur. Bölgədə İranın Ermənistana dəstəklə “dəhliz planı”nı təxirə salmaq istədiyi, Moskvanın isə Bakının adekvat addımlarının İrəvana “dərs olması” və rusların dayanacağı “maneəsiz keçid”in önünün açılacağı perspektivinə hesablanan mürəkkəb oyun gedir".