«Əlimin içi boyda lalə... »  -  Şəhriyar del Gerani 


Şəhriyar del Gerani Laçının gözəlliyini vəsf edib
Şair Şəhriyar del Gerani: “Yaşıllıq sıldırımları çox görmüşəm, amma beləsini indiyədək görməmişdim”

  Laçına, həm də şairlərin köçü – qayıdışı başlayıb. Şair Şəhriyar del Gerani Laçına gedib və şəxsi feysbuk səhifəsində Laçının Ağbulaq kəndindən canlı bağlantı yaradıb: “Biz Laçındayıq! Möhtəşəm hisslər keçiririk... Bura Laçının Ağbulaq kəndidir. Əziz, dəyərli dostumuz Şərif Ağayarın kəndi Ağbulaq! Hazırda onun kəndindəyik. 10 il əvvəl Şəriflə eyni yerdə çalışırdıq, o zaman onun  Laçın, Ağbulaq həsrətinə şahid olmuşam. Mən ilk dəfədir Laçına gəlirəm. İşğaldan əvvəl yaşım imkan verməyib Laçına gəlim. Möhtəşəm qələbəmizdən sonra ilk dəfədir bura gəlirəm” deyən Şəhriyar del Gerani Laçının gözəlliyini vəsf edib. “Mən coğrafiyanı az-çox bilirəm. Yaşıllıqlar belədir; müəyyən hündürlükdən sonra adətən yaşıllıq bitir.  Laçında isə belə deyil. Yaşıllıqlar bitmir, uzandıqca-uzanır. Yaşıllıq sıldırımları çox görmüşəm, amma beləsini indiyədək görməmişdim.  Müxtəlif şəhərlərdə yaşamışam, dünyanın, türk dünyasının gözü İstanbulda yaşamışam, Ukraynada... Karpat dağlarını da bu səviyyədə görməmişəm. Laçın alternativsizdi! Bu qədər genişlik, bu qədər geniş dərə heç bir yerdə yoxdu...”
  Şair Laçına daxil olanadək 5 postdan keçdiklərini də deyib: “Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın. Laçının mərkəzindən Ağbulağa 60 kilomertlik yoldu. Yol təmiri gedir, adamın ürəyi açılır. Camaat bura yaylağa gəlir. Mal-qaranı otarırlar. Allah bərəkət versin.  Çox gözəl mənzərədi. Bu gözəlliyi ifadə etmək çətindi”. 
 Şəhriyar del Gerani Ağbulaq düzləri, dərələrində irihəcmli qırmızı lalə gördüyündən də danışıb: “Əlimin içi boyda lalə idi.  Belə böyüklükdə laləyə çətin ki, başqa hardasa rast gəlmək mümkün olar”. Sonra da şair Ağbulaq düzlərindəki qara xallı – yerli əhalinin “bağrı qara lalə” adlandırdığı lalələrdən dərir. Və deyir ki, burda 1 m.kv əraziyə 200-ə yaxın bitki düşür. Ağbulaqda Şəhriyar del Gerani şair və yazıçı dostu Şərif  Ağayarla telefon bağlantısı yaratdı. Şərif bəy də “oralarda olun, mən də gəlirəm”, dedi.