Qarabağdakı məzarlıqlar bərpa olunmalıdır

Əmin olun, bu məsələ insanları çox düşündürür və ağrıdır

  "İşğaldan azad edilmiş və sürətli bərpa-quruculuq işləri aparılan ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış köhnə məzarlıqlar da bərpa olunmalıdır". Bu sözləri "Sherg.az"a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya rəhbəri bildirib ki, bu məsələ çox aktualdır: "Bəzən sui-istifadə hallarına yol verilir, xəbərlər yayılır ki, bərpa işləri zamanı, yollar salınarkən qəbiristanlıqlar ziyan görür və s. Əslində bunların real olduğuna inanmıram. Əgər həqiqətən hansısa vacib yol məzarlığın içindən keçirsə, o zaman qəbirlər hökmən qayda-qanuna uyğun olaraq başqa yerə köçürülməlidir. Əlbəttə ki, köçürmə prosesi də qəbirlərdə dəfn olunmuş şəxslərin yaxınlarının razılığına əsasən olmalıdır. Qəbiristanlıq müqəddəs yer sayılır. Heç kəs məzarlıqlara özbaşına əl uzatmamalıdır. Məzarlıqlar danışan tariximizdir və tarixin üstündən xətt çəkmək olmaz. Onsuz da erməni vəhşilərinin 30 il ərzində məzarlıqlarımızı nə günə qoyduqları, necə dağıtdıqları, təhqir etdikləri bizə bəllidir. Mərmərdən olan məzarların hamısı dağıdılıb. Bütün işğaldan azad olunmuş rayonlarımızda vəziyyət eynidir. Ağdamda daha ağrılı, dəhşətli mənzərədir. Qarağacı məzarlığının qorunması, bərpası çox vacibdir. Bununla bağlı müəyyən proses getməkdədir, biz də həmin prosesdə iştirak etmişik. Deyilənə görə, Qarağacı qəbiristanlığı tam bərpa olunacaq. Ağdamda Şəhidlər məzarlığı da var və oranın da bərpa prosesi gedir. Ötən ay öz kəndimizə - Ağdamın Papravənd kəndinə gedəndə də qəbiristanlığın vəziyyətini gördüm. Çətinliklə atamın məzarını tapdım, tamam dağıtmışdılar. Fərqinə varmadan bütün məzarları vəhşicəsinə dağıdıblar. Bunu məqsədli şəkildə ediblər ki, biz bir daha geri dönməyək. Çünki mərmər olmayan, tikintiyə, yol çəkməyə yaramayan məzar daşlarını belə yerlə-yeksan etmişdilər. İzimizi itirməyə çalışıblar. Ona görə də Qarabağdakı bütün məzarlarımız birmənalı bərpa olunmalıdır".
   A.Nağı mühüm bir məsələyə də diqqət yönəldib: "Şəhər və kəndlərdə köhnə, dağıdılmış qəbiristanlıqlar minalardan tam təmizlənməlidir. Dünyasını dəyişənlərin öz doğma yurdlarında dəfni təşkil olunmalıdır. Təbii ki, söhbət izdihamlı dəfn mərasimlərindən getmir. Amma kiçik qruplarla, ən yaxınlarının iştirakı ilə bunu təşkil etmək olar və vacibdir. 30 il torpaq, yurd həsrəti çəkərək həyatını itirən və müvəqqəti yaşadığı yerdə basdırılanlardan fərqli olaraq heç olmasa indi rəhmətə gedənlər öz rayonlarında, kəndlərində dəfn olunmalıdır. Əmin olun, bu məsələ insanları çox düşündürür və ağrıdır. Çünki əvvəl torpaqlarımız işğal altında idi deyə heç kim haqq dünyasına qovuşandan sonra öz yurdunda dəfn olunmağı düşünmürdü. Ancaq indi demək olar ki, hamının arzusu budur. Hesab edirik ki, məzarlıqların müəyyən hissəsini minalardan təmizləməklə bunu reallaşdırmaq mümkündür".