Zəngilana qovuşduğumuz TARİX: "O günü xatırlayanda gözlərim dolur"

Hər kəs özünü indi dünyanın ən xoşbəxt insanı sayır

  44 günlük qələbə salnaməsinin 24-cü günü şanlı tariximizə Zəngilan şəhər günü kimi həkk olunub. Bəli, düz 3 il əvvəl 20 oktyabr tarixində ordumuz hərbi-siyasi yolla Zəngilanı işğaldan azad edib.
Məhz həmin gündən bu tarix Ermənistanın hərbi təcavüzü nəticəsində 9 oktyabr 1993-cü ildən bəri işğal altında qalmış Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.
Dövlət başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
  Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
  Qeyd edək ki, Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.
Əvvəlcə Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Şəhər Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.
  Zəngilan Şəhər günü ilə bağlı təəssüratlarını bizimlə bölüşən, əslən Zəngilandan olan telejurnalist Afət Telmanqızı isə deyib ki, Zəngilanın azadlığı xəbərini alanda 28 illik ayrılıqdan doğan həsrətlə qalibiyyətdən doğan qürur, sevinc bir-birinə qarışmışdı

“3 il əvvəl efirdə olarkən bu xəbəri eşitdim. Göz yaşları içərisində "Zəngilan işğaldan azad olundu” sözlərini oxudum. Çox gözəl an idi. Heç vaxt unutmayacağım gün idi. Zəngilan, ata və ana yurdum artıq azad idi. Hər il yay tətili günlərində nənə-babamın yanına gedirdik. Zəngilana getdim. Atamın qəbrini ziyarət etdim.. Ailələr Zəngilana qayıdır. Bu, möhtəşəm gündür. Orda olan yenidənqurma işləri isə hər bir zəngilanlıya yeni nəfəs verir. Bu xoşbəxtliyi bizə yaşadanlar qarşısında baş əyirik!
  Jurnalist Ekspert Mərkəzinin sədri, Rupor.az xəbər portalının baş redaktoru Ceyhun Musaoğlu isə “Sherg.az"a açıqlamasında həmin gün keçirdiyi hissləri ifadə etməyə çətinlik çəkib:

“1993-cü ilin oktyabrın 29-da, yəni Zəngilan işğal olunan gün mən Bakıdakı “n” saylı hərbi hissədəydim. Xidmət yoldaşlarımla belə qərara gəldik ki, biz paytaxtda arxa cəbhədə yox, ön cəbhədə olmalıyıq. Bununla bağlı dəfələrlə komandanlığa müraciət etdik. Valideynlərimiz narazı olduğu üçün hərbi hissə komandanlığı bizə rəsmi icazə vermədi. Lakin sonradan tale elə gətirdi ki, mən müharibəyə getməli oldum. Eynən filmlərdəki kimi, gözümü açıb yumanda özümü döyüş bölgəsində gördüm. Mənim müharibə yolum Qazaxdan başladı. 1995-ci il idi və atəşkəs imzalanmasına rəğmən hələ də ağır lokal döyüşlər gedirdi. 4 günlük Aprel döyüşləri, Tovuz döyüşləri, 12-13 sentyabr döyüşləri kimi...
  Zəngilanın işğalından sonra yerimdə dinc otura bilmirdim. Yurdum işğaldadır deyə özümü odun-alovun içinə atmaq, döyüşlərə qoşulmaq istəyirdim. Bibilərim, əmilərim, babam, nənəm, hamısı məcburi köçkün düşmüşdü.
  Arazdan İrana qaçıb qurtulmaq istəyərkən ərinin motosikletində qəzaya düşən böyük bibim 19 il əlil arabasında yaşayandan sonra ölüb. Məcburi köçkünlük, vətən niskilinin yaşatdığı ağrı-acıyla bir yerdə nənəm “AZİ” yataqxanasının birotaqlı zirzəmisində düz 19 il ona baxdı. Bütün bunları qüruruma, vicdanıma sığışdıra bilmirdim. Mən hər gün Zəngilanın azad olunmasını arzulayırdım. Təkcə Zəngilanın yox, Şuşanın, Cəbrayılın, Füzulinin və digər rayonların işğalı da məni eyni dərəcədə kədərləndirirdi. Mənim üçün torpağımın hər qarışı əzizdir. Bu torpaq üçün can verməyə cümlə hazırız, cümlə qadiriz. Bəli, bu bizik! Torpaq uğrunda can vermək bizim genimiz, kodumuzdur! 1988-2023-cü illər ərzində biz bunu cümlə-cahana sübut elədik. Nəhayət ki, biz artıq torpağımızı düşməndən azad elədik. İndi dünyanın xoşbəxti mənəm dünyada! Xoşbəxtliyin ən gözəlini də məhz 2020-ci ilin 20 oktyabrında cənab prezidentin “Zəngilan şəhəri işğaldan azad olundu” nidası ilə yaşadım. 3 il keçib, amma hələ də o günü xatırlayanda gözlərim dolur. Dünən də, bu gün də televiziyadan, radiodan müraciətlər olur. Qəhər boğur məni, danışa bilmirəm. Yaşadıqlarım o qədər ülvi hisslərdir ki, sözlə ifadə edə bilmirəm. Elə istəyirəm ki, dünyadakı bütün millətlər, bütün insanlar bu hissi dadsın.
  Şuşa işğalda olan zaman millət vəkili Musa Quliyev belə bir söz demişdi: Dünyanın ən uzaq yolu: Şuşadan Allaha qədər”. Baxın, Şuşa bizim üçün bu qədər uzaq idi. Allah haradadır!? Sonsuzluqda. Deməli, bizim Şuşaya çatmağımız mümkün deyildi!? Bu düşüncələr ürəyimizə od qoyur, hər gün bizi öldürürdü. Televizorda işğal xəbərləri izlədikcə ölən, ağır xəstəliyə tutulan o qədər insanımız olub ki?!
  Amma bu günlərdə biz azad olunan rayonlarımızla bağlı xəbərləri sevinc göz yaşları ilə izləyirik. Allah prezidentimizi xoşbəxt eləsin! Necə ki o bizim hamımızı xoşbəxt elədi!
Bu sözləri niskilli nənəmin, babam intonasiyası ilə deyirəm. Allah şəhidlərimizi xoşbəxt eləsin. Bu sözü elə-belə demirəm. Onlar diridir... Ruhları xoşbəxtdir!”.
  C.Musaoğlunun fikrincə, azad olunan torpaqlarımızda aparılan yenidənqurma işlərinə, "Böyük Qayıdış" proqramının icrasına şahidlik etdikcə xoşbəxtliyimiz davam edir.