“Agent 007”nin avtomobili hərraca çıxarılacaq



Ceyms Bond haqqında filmlərin pərəstişkarları pul yığırlar. “Agent 007”nin əfsanəvi avtomobili avqust ayında hərraca çıxarılacaq.

Söhbət “Aston Martin” markalı dörd avtomobilin birindən gedir. Tamaşaçılara bu avtomobil “Bondiananın” ilk filmlərindən – “İldırım” və “Qoldfinger”dən tanışdır.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, təşkilatçılar avtomobildə “casus” funksiyalarının hələ də işlək vəziyyətdə olduğunu təsdiqləyirlər. “Sotheby's” hərrac evinin avtomobillər üzrə mütəxəssisi Barni Rupreçt deyib: “Bu nəqliyyat vasitəsi 13 funksiya ilə təchiz edilib: irikalibrli pulemyotdan başlayaraq katapultlu kresloyadək. İrəlidəki mexanizmin köməyi ilə nömrələri dəyişmək mümkündür ki, bu da sürətin artımına görə yazılan cərimədən sizi xilas edəcək. 30 santimetr irəli çəkilən hidravlik porşenlər rəqibinizi yoldan itələyib çıxara bilər. Fənərlərin altında xüsusi quraşdırılmış pulemyotlar gizlədilib. Əlbəttə ki, avtomobil katapultlu kreslo ilə təchiz edilib. Bu, arzuolunmaz sərnişinlərdən yaxa qurtarmağa imkan verir. Həmçinin avtomobildə təkəri deşmək üçün qurğu quraşdırılıb, burada siz məşhur gülləkeçirməz sipər, yağ püskürdücü, ört-basdır edilmə üçün tüstü generatoru, nömrələri fırladan və yola mismar tökən qurğunu görə bilərsiniz.

Avtomobilin içində əsl komanda mərkəzi yerləşir: 1965-ci ildə hələ mövcud olmayan mobil telefon, katapultlu kreslonun düyməciyi, həmçinin xüsusi fırlanan antenaya malik naviqasiya sistemi. Ən başlıcası isə bütün bu qacetlər işlək vəziyyətdədir.

Beləliklə, bu maşın bütün dövrlərin ən tanınmış nəqliyyat vasitələrindən biridir. O, “Dünyanın ən məşhur avtomobilləri” kitabında xatırladılır. Kino və reklam haqqında fikirləşəndə mənim ağlıma gələn ilk təsəvvür bu nəqliyyat vasitəsidir. Ceyms Bond haqqında silsilə filmlər ən çox yaddaqalandır. Bu model isə dünyanın ən məşhur avtomobilidir”.

Son 50 il ərzində əfsanəvi avtomobil üç dəfə sahibini dəyişib. Avqustun 15-də avtomobil Kaliforniyanın Monterey şəhərində “Sotheby's” hərrac evi tərəfindən satışa çıxarılacaq.

Ceyms Bondun idarə etdiyi avtomobil ekspertlərin ilkin fərziyyələrinə görə, hərracda 6 milyon dollara satıla bilər.