Dünyanın quruda yaşayan ən uzunömürlü canlısı – 190 yaşı tamam olur

Dünyanın quruda yaşayan və məlum olan ən uzunömürlü canlısının – Conatan adlı tısbağanın 190 yaşı tamam olur.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu, hazırda dünyada quruda yaşayan ən uzunömürlü heyvandır. Conatan adlı tısbağa Atlantik okeanında Britaniya ərazisi olan Müqəddəs Yelena adasında yaşayır. Dekabrın 2-dən başlayaraq adanın sakinləri üç gün müddətində onun yaşını qeyd edirlər.

Tısbağaya qulluq edən təqaüdçü baytar Co Hollins bildirib ki, bu ilin əvvəlində adı “Ginnesin Rekordlar kitabı”na salınan tısbağa 1882-ci ildən Müqəddəs Yelena adasında yaşayır. O qeyd edib ki, tısbağanın yaşı tam dəqiq olmasa da, o, adaya gətirilən zaman çəkilmiş şəkillərdən həmin vaxt Conatanın ən azı 50 yaşı (böyük ehtimalla daha çox) olduğu üzə çıxır. Bu isə onun yaşının ehtimal ediləndən daha çox olduğunu deməyə əsas verir.