İspaniya şahzadəsi üç illik hərbi təlim keçəcək


İspaniya taxt-tacının varisi Asturiya şahzadəsi Leonor 2023-cü ildə hərbi təlimlərə başlayacaq.

Bu barədə çərşənbə axşamı mətbuat konfransında müdafiə naziri Marqarita Robles bildirib.

“Asturiya şahzadəsi bu il hərbi təlimlərə qatılacaq. Avqust və ya sentyabr ayında o, Saraqosa Baş Hərbi Akademiyasında təlimə başlayacaq”, - deyə nazir məlumat verib.

Onun sözlərinə görə, kral VI Filippin 17 yaşlı qızı üç il ərzində quru qoşunlarında, eləcə də donanma və hava qüvvələrində xüsusi hərbi təlim keçəcək.


Qeyd edək ki, şahzadə Leonor 31 oktyabr 2005-ci ildə anadan olub. O, ispan monarxının iki qızından böyüyüdür.

Ölkənin konstitusiyasına görə, kral dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanıdır.

Mənbə: TASS