12 il əvvəl bir leyləklə dostlaşıb


Hər il eyni yerdə, eyni vaxtda balıqçının görüşünə gəlir

  Bursanın Karacabəy bölgəsində balıqçılıqla məşğul olan Adəm Yılmaz 12 il əvvəl bir leyləklə dostlaşıb. Hər il leylək eyni yerdə, eyni vaxtda balıqçının görüşünə gəlir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, balıqçı ilə leyləyin dostluğu dastana çevrilib. Adəm Yılmaz leyləyə Yaren adını verib. Yaren leylək Bursanın Karacabəy bölgəsində Uluabat Gölü sahilindəki Əskiqaraağac məhəlləsinin rəmzidir. 

Onun gəlişini gözləyənlərin gözünü yolda qoymayaraq bu il də göl sahilinə gəlib və balıqçı Adəmin qayığına qonub. Bundan əvvəlsə yerli sakinlər onu göl yaxınlığında yuva qurmuş dişi tayı – Nazlı ilə birlikdə görüblər. Köç mövsümündə leyləklər Əskiqaraağaca gəlib. Leylək barədə danışan Adəm Yılmaz “ayın 6-dan 15-nə qədər öldüm, dirildim; gələcəkmi, gəlməyəcəkmi? Şükürlər olsun, ötənilki tarixdən 11 gün sonra gəldi. Hamını kəndimizə dəvət edirəm. Kənd camaatı çox sevinir, hamımız sevinc içindəyik. Necə xoşbəxt olduğumu ifadə edə bilmirəm” söyləyən Adəm Yılmaz deyib ki, Əskiqaraağac leyləklərin köç qatarı üstündədir. Hər il burdan minlərlə leylək ötüb keçir. Burda yuva qurub qalanlar da olur. Yarenlə Nazlı onlardan biridir. Kənd camaatı da onları sevir, qoruyur. Adəm Yılmaz illər öncə Yarenin qayığına qonduğunu xatırlayıb: “Dedim, yəqin  acdır, tutduğum balıqlardan ona verdim. O vaxtdan dostlaşdıq. Hər il onun gəlişini həyəcanla gözləyirəm”.  Qeyd edək ki, Karacabəy bələdiyyəsi tərəfindən leyləklərin yuvası yaxınlığında kamera quraşdırılıb, bunun sayəsində leyləklər müşahidə altında saxlanılır.