73 yaşlı qadın  dünyanı dolaşacaq

İtalyan səyahətçi Azərbaycana da gələcək

  Məşhur səyahətçi Marco Polonun iziylə dünyanı dolaşmağı hədəfləyən italyan qadın Vienna Cammorata səyahətinin ilk mərhələsində Türkiyəyə səfər edib. “Şərq” “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, italyan səyahətçi Çinədək  piyada səfər etməyi planlaşdırıb. Vienna Cammorata 73 yaşındadır. Xanım səyahətçi Türkiyədə gördüklərini və yol xəritəsini “Anadolu”ya anladıb. Vieanna Cammorata ilham qaynağının məşhur italyan tacir və səyahətçi Marco Polodan aldığını deyib. 

12-13-cü əsrlərdə yaşamış Marco Polo Avropadan Çinədək məhz Kiçik Asiya və Orta Asiyadan keçərək səyahət etmişdi. Xanım Cammorata da səyahətinə Marco Polonun vətəni Venesiyadan, 2022-ci ilin 26 aprelində başlayıb. Səyahətinin ilk bölümü 8 ay çəkib. Sloveniya, Xorvatiya, Serbiya, Bolqarıstanı gəzən səyahətçi Türkiyəyə çatıb. Cammorata Türkiyəni çox sevdiyi Napoli şəhərinə bənzətdiyini deyib: “Buraya çatar-çatmaz “Napoliyə bənzəyir”, dedim. Napolini çox sevirəm, Türkiyədə də Napoli havası hiss etdim. Möcüzəli, heyranedici ölkədir”. Xanım səyahətçi Türkiyə gəzintisinə İzmir və ətrafından başlayıb. Efesi ziyarət edib. Sonra Pamukkale, Kapadokyaya gedib. Niyyətinin Türkiyənin iç bölgələrini gəzmək olmadığı, lakin mütləq Ankaranı görüb, Anıtqəbiri ziyarət etmək istədiyini və bu istəyini reallaşdırdığını bildirib. Cammorata “burada heç bir çətinliklə qarşılaşmadım. Məni gördüklərində və ya mən bir şey soruşduğumda qarşılıq olaraq “çaymı, qəhvəmi?” deyə soruşur, qonaq etmək istəyirdilər. Bir dəfə yolu itirmişdim. Küçədə iki nəfər bir-biriylə mübahisə edirdi, onlara yaxınlaşdım, azdığımı dedim, yolu göstərmələrini xahiş etdim. Onlar mənə “hələ bir əyləş, dincini al. Çaymı içərsiniz, qəhvəmi? Sonra sizə yolu göstərərik”, dedilər. Türklər çox qonaqpərvərdir”, söyləyib. Ən çox balıq-çörəyi sevdiyini deyib. Cammorata yalnız Gürcüstanda dil bilgisi sıxıntısından insanlarla anlaşmaqda çətinlik çəkdiyini xatırladıb. İtalyan səyahətçi Azərbaycana da gələcək. Amma səyahətinə təyyarə ilə davam etmək məcburiyyətindədir. Azərbaycanla Gürcüstan sərhədində quru yolla keçidə hələ də qadağa qüvvədə qaldığı üçün. Ölkəmizə səfər edəcək səyahətçi xanım buradan Xəzər dənizi vasitəsilə Orta Asiyaya keçib Türküstan yoluyla Çinə çatmağı planlaşdırır: “Qışda Qırğızıstanda qalıb qışı keçirmək istəyirəm. 2025-ci ildə isə Çində olacağam. Niyyətim sonra da Monqolustana keçməkdir”.