Hikmət Babaoğlu: "Azərbaycan sülhə məcburetmə əməliyyatlarına başlaya bilər"

İrəvanın vaxtı azalır

Ermənistan-Azərbaycan şərti sərhədlərdə, Qarabağda baş verən təxribatlarla yanaşı, erməni lobbisinin və kilsənin xüsusi təşəbbüsləri ilə xaricdə yaşayan ermənilər də Azərbaycana qarşı aksiyalar, yürüşlər təşkil edir, səfirliklərimizin önünə toplaşırlar. Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməni “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında Tiflis şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək istəyiblər. Lakin aksiyada azyaşlı uşaqlar da daxil olmaqla 30-40 nəfər iştirak edib və onların cəhdi iflasa uğrayıb.

Aksiya iştirakçılarının yerli gürcülərə və şəhərin qonaqlarına müraciəti də cavabsız qalıb. Ermənilər nə yerli gürcülərdən, nə də turistlərdən dəstək ala biliblər. Parisdəki ermənilər Laçın yolunun açılması tələbi ilə Azərbaycanın Parisdəki səfirliyi qarşısında da etiraz aksiyası keçiriblər. Aksiyada barmaqla sayılacaq qədər erməni iştirak edib. Nəzərdə tutulmuş səddi keçərək, yolu bağlamağa çalışan erməniləri isə Fransa polisi sürüyərək, geri çəkib.

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, ermənilər hər zaman lobbi və kilsənin, o cümlədən islamafob dairələrin imkanlarını Azərbaycana qarşı səfərbər etməyi bacarıblar. Deputat vurğulayıb ki, 30 illlik işğal dövründə həm qlobal informasiya məkanında, həm aparılan danışıqlarda bu gücdən lazımınca istifadə ediblər, islamafob mərkəzləri Azərbaycana qarşı yönləndirə biliblər: 

"Ancaq məsələ ondadır ki, əgər dünyada, ələlxüsus Qərbdə islamafob görüş olmasaydı, ayrılıqda erməni lobbisi və kilsəsi heç bir ciddi uğura nail ola bilməz. Bunu demək üçün əsaslarımız var. Əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycanın güclənməsi və bu fonda qərəzli dairələrin geri çəkilməsi, Qərb dövlətlərinin güclü Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları ermənilərin lobbi və kilsə kartını nisbətən zəiflətdi. Amma fürsət düşdükcə bu triada, yəni - lobbi, kilsə və islamafob güclər ölkəmiz əleyhinə hücumlar təşkil etməyi bacarırlar. Əslində "güclü erməni ordusu" mifi kimi "güclü erməni lobbisi" də mifdir. Çünki Qərb dövlətlərinin hərtərəfli və davamlı dəstəyi olmadan erməni lobbisi müstəqil şəkildə Azərbaycana qarşı hansısa təsirli addımlar ata bilməzlər. Görünür, Fransanın timsalında Azərbaycana qarşı təxribatların baş verməsi, Cənubi Qafqazda yeni neokolonist siyasət cəhdləri erməniləri səfərbər etməyə sövq edib". 
  
Parlament üzvü vurğulayıb ki, Ermənistan ordusu başdan-başa terrorçulardır. Onlar heç vaxt bir dövlətin silahlı gücü kimi davranmağı bacarmayıblar:

 "Erməni lobbisi də informasiya təbliğatı terroru ilə məşğuldur. İslamafobiya da özlüyündə ideoloji terrordur. Terrorla hər hansı uğura imza atmaq, qalıcı nəyəsə nail olmaq qeyri-mümkündür. Bir neçə gün bundan əvvəl Paşinyanın verdiyi radikal açıqlamalardan sonra İrəvan hökuməti yenidən sülhdən danışır, Bakıya təkliflər göndərdiyini deyir. Bu da Ermənistanın sülhlə bağlı siyasətinin riyakar məntiqə əsaslanmasının göstəricisidir. Siyasi hay-küy ciddi proseslərə təsir etmək gücündə deyil. Yaxşı olar ki, Ermənistan daha çox sülh barədə düşünsün. Çünki İrəvanın vaxtı azalır. Əks təqdirdə Azərbaycan erməni tərəfini sülhə məcburetmə əməliyyatlarına başlaya bilər".