Təkrar yoluxsaq belə, peyvəndlənmə ən doğru çıxış yoludur


Hazırda xəstəxanalarda reanimasiyada yatan xəstələrin hamısı peyvənd olunmayanlardır 

Hər hansı əsassız fikirlərə söykənərək peyvənd olunmayanlar və ya saxta sənədlərlə peyvənd sertifikatı alanlar, sadəcə olaraq özlərini ağır riskə atır


Digər ölkələr kimi Azərbaycan da bir ildən çoxdur ki, gözə görünməyən düşmən olan koronavirusla mübarizə aparır. Hazırda xəstəliklə bağlı vəziyyət nəzarət altında olsa da, virusa tam qalib gəlmək üçün növbəti mərhələdə kollektiv immunitet qazanmaq üçün insanlar vaksinasiya olunmalıdır. Lakin cəmiyyətimiz istər mövcud virusa, istərsə də digər xəstəliklərə qarşı peyvəndləməyə münasibəti birmənalı deyil. Bəziləri vaksinin keyfiyyətindən şübhələnir, digərləri səhiyyə sistemimizə etibar etmir. Xəstəliklər üzərində vaksinsiz qələbə qazanmağa inananlar da var. Mövzu ilə bağlı həkimlərin fikirlərini öyrəndik. 

İnfeksionist Vasif Əliyev "Şərq"ə peyvəndin əhəmiyyətindən danışıb. O qeyd edib ki, "Covid-19" peyvəndini vurdurmaq bizi yoluxmadan qorumur, ancaq xəstəliyi daha yüngül keçirməyimizə səbəb olur:

"Sual yarana bilər. Əgər yenidən yoluxa biləriksə və buna baxmayaraq peyvənd olunmalıyıqmı? Cavab bəli! Çünki hələki bu virusa qarşı spesifik bir müalicə yoxdur və kütləvi peyvəndləmə ən doğru çıxış yoludur. İnsanlar arasında bir  peyvəndin sonsuzluq yaratdığı barədə də şayiələr yayılmaqdadır. Qeyd edim ki, peyvənd olunmaqla sonsuzluq riski ilə bağlı yayılan söz-söhbətlər yalandır. Bu yaxınlarda "Biontech" peyvəndinin bu cür riski yaratmağı ilə bağlı aparılan çalışmalar da bunun əksini sübut etdi. Hazırda xəstəxanalarda reanimasiyada yatan xəstələrin hamısı peyvənd olunmayanlardır. Hər hansı əsassız fikirlərə söykənərək peyvənd olunmayanlar və ya saxta sənədlərlə peyvənd sertifikatı alanlar, sadəcə olaraq özlərini ağır riskə atır".

Həkim-radioloq Aydın Əliyev "Şərq"ə açıqlamasında vurğulayıb ki, son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artması insanlarda panika yaradıb:

"Panikanı aradan qaldırmaq və maarifləndirmə məqsədi ilə bir neçə nüansı qeyd edirəm.  Əsas olan yoluxma sayının artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Bəs niyə qrip xəstəliyinə görə karantin tətbiq edilmir? Çünki qrip xəstəliyi təqribən 95-99 faiz hallarda yüngül keçirilir. Demək ki, əsas yoluxma sayı yox, ağırlaşma faizidir. Yəni son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa, heç bir panikaya əsas yoxdur. Bir faktı qeyd edim ki, yeni yoluxanlar və ağırlaşanlar arasında peyvənd edilənlərin sayı çox azdır. Deməli, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Yəni nə qədər çox peyvənd edilsək yoluxma da bir o qədər azalacaq. Ümumiyyətlə, bütün viruslar mutasiya etdikcə zəifləyir, insanla yaşamağa məcbur olur. Ən yaxın gələcəkdə isə koronavirus adiləşəcək".