"Bizim bir tək yolumuz var, vaksinasiya..."

Ekspertlərin qəti fikridir, qorunmağın "qızıl" qaydalarına əməl etməliyik


Son dövrdə Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artmaqdadır. Xüsusilə bəzi qaydaların yumşaldılması, turizm mövsümünün açıq olması artım sayına ciddi təsir göstərib. Həmçinin, insanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmaması da bu rəqəmləri artırıb.  İki həftə bundan əvvəl ölkədə gündəlik yoluxma 272 idisə, bu gün artıq rəqəmlər minin üzərindədir. Eyni zamanda, ölüm sayı da gündəlik artır. Təkcə bu gün açıqlanan statistikaya əsasən, 12 nəfər virusdan dünyasını dəyişib. Ümumi yoluxma sayı isə 1736 nəfərdir. Qeyd edək ki, artıq qonşu Gürcüstan hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətləri sərtləşdirmək qərarına gəlib. Belə ki, sabahdan etibarən açıq məkanlarda maskadan istifadə məcburi olacaq. Azərbaycanın bir sıra tanınmış mütəxəssisləri yoluxma ilə bağlı fikirlərini bölüşüblər.

İnfeksionist İlahə Vəliyeva yoluxanların sayının sürətlə artdığından təəssüflənir. İnfeksionist bildirib ki, maskadan istifadəyə, məsafə və gigiyenik qaydalara artıq doğru-dürüst əməl edilmir: "Yoluxma sayı sürətlə artsa da, sərt karantin tərəfdarı deyiləm. Çünki məlumdur ki, sentyabrın 1-dən istər restoranlar, istər bərbərxanalar, gözəllik salonları, istər digər ictimai iaşə obyektlərinə daxil olmaq üçün, - başda tibb müəssisələri olmaqla, - artıq COVİD pasportuna ehtiyac olacaq. Əgər hər kəs bu şərtə (vaksinasiya olunmaq - red) əməl edərsə, heç bir sərt karantin rejiminə gərək duyulmaz. Karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi ilə insanlarda laqeydlik, etinasızlıq daha çox vüsət aldı. Artımların əsas səbəbi də məhz budur. Lakin qaydalara əməl olunsa, vaksinasiya prosesi sürətlə davam etdirilsə, yoluxma sayının artmasının qarşısını almaq mümkün olar".

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib ki, karantin rejiminin yumşaldılması, xüsusilə toyların keçirilməsinə icazə verilməsi, restoran və ticarət obyektlərinin, metronun açılması və digər yumşalma tədbirləri əhalidə müəyyən arxayınlıq yaratdı və nəticədə bu gün yoluxmaların sayında xeyli artım müşahidə olunmaqdadır. Yoluxma sayında artımın bu şəkildə davam etməsi narahatlıq yaradır. A.Qurbanov bildirib ki, yumşalma tədbirlərindən sonra insanlar arasında təmaslar artdı və təəssüf ki, pandemiya qaydalarına tam əməl olunmadığı üçün yoluxmaların da sayı artdı: "Bu onu göstərir ki, bir qədər ehtiyatlı olmalıyıq, vaksinasiya prosesində daha aktiv iştirak etməliyik. Düzdür, insanların müəyyən qismi vaksinasiya olunub, bir qismi isə xəstəliyi keçirib, ancaq nəzərə almaq lazımdır ki, vaksinasiya olunmayan, virusa yoluxmayanların da sayı çoxdur. Ona görə də hazırda yoluxmanın artması fonunda qorunma tədbirlərinə əməl etməyimiz vacibdir. Yoluxmaların sayında artım eyni zamanda onu göstərir ki, hələ də əhali arasında virusa qarşı kütləvi immun formalaşmayıb. Ona görə də qorunma qaydalarına ciddi əməl olunmalıdır. İkinci tərəfdən bizim bir yolumuz var, vaksinasiya. Vaksinasiya olunmayanlar hökmən peyvənd vurdurmalıdır. Hamımız vaksinasiya olunsaq, onda yoluxma sayları bizi o qədər də narahat etməyəcək". A.Qurbanov bildirib ki, pandemiya hələ bitməyib: "Azərbaycanda vəziyyətin nisbətən əlverişli olması dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir. Qonşu ölkələrdə nələr baş verdiyini hər kəs yaxşı görür, yəni yoluxma sayları həddən artıq çoxdur. Azərbaycanda da say artımının bu şəkildə davam etməsi artıq narahatlıq yaradır. Normal həyata qayıtmaq, yenidən sərt qaydaların tətbiq olunmamasını istəyiriksə, onda gərək ehtiyatlı olaq, hamımız vaksinasiyada iştirak edək".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov yoluxma sayının artımına səbəb olan əsas faktorları sadalayıb:

"Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır.

Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibətini izləməkdəyik. İnsanlar bir tərəfdən yorulub, bir tərəfdən də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan delta ştammının da bu artıma "töhfə verməsi" göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələki bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq. Qorunmağın “qızıl” qaydalarına ciddi əməl etməliyik. Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu, iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, bir o qədər epidemioloji durumu nəzarətdə saxlamağa imkan yaranar. Artıq dünya təcrübəsi də bunu deməyə əsas verir ki, pandemiyadan qurtulmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni virus yayan insanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVID-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qorunma yoxdur. Yəni peyvənd olunmuş insanların böyük əksəriyyəti ya yoluxmur, hətta yoluxarsa da belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Artıq qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin hər bir vaksin olunmuş şəxs də yoluxmadan tam sığortalanmadığı üçün onlar da hələlik qoruyucu vasitələrdən digərləri kimi istifadə etməlidirlər".