Borçalıların vaksinasiyasında problemlər var

Zəlimxan Məmmədli: "Gürcüstan vətəndaşlığı daşıyan soydaşlarımızın sayı heç 100 minə çatmır. Yəqin ki, bu qədər peyvəndi problem etməzlər"

Millət vəkili Fazil Mustafa Gürcüstan vətəndaşı olan soydaşlarımızın vaksinasiyası problemini qaldırıb. Deputat bəyan edib ki, Gürcüstan vətəndaşı olan çoxlu soydaşımız Azərbaycanda yaşadıqları və işlədikləri halda peyvənd vurdura bilmirlər. Səbəb isə o göstərilir ki, başqa ölkənin vətəndaşları olduqları üçün portalda adları çıxmır.

Parlament üzvü bununla bağlı müvafiq qurumlara müraciət etdiyini deyib: “Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxunda bu sənəd yoxdur. Müvafiq qurumlara çağırış edirəm, onların siyahısı hökumətdə olmalıdır. Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır. Soydaşlarımızın sayı uzaqbaşı 100-150 min olar. Buna vaksinimiz yetməyəcəkmi? Təcili yığışıb bir qərar qəbul etmək lazımdır. Operativ Qərargah da bu məsələni diqqətdə saxlamalıdır”. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə vurğulayıb ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar müvəqqəti olma (90 gün) sənədi ilə yaşayanlardır. Onun sözlərinə görə, 10 il Beynəlxalq Miqrasiya Təşkilatının ekspert-məsləhətçisi kimi həmin kateqoriyadan olan şəxslərə hüquqi yardımlar edib: “Problem ondadır ki, bu şəxslər ölkəyə turist kimi daxil olurlar.

15 gün ərzində DMX-yə bir “e-bildiriş” verib 90 gün ölkədə qalırlar. Heç onların dəqiq ünvanını bilən yoxdur. Odur ki, onlar barədə “e-sitemdə” məlumat yoxdur. Yəni məlumat var ki, sərhəddi keçiblər biz tərəfə və hələ ölkədədirlər. Bu problemi necə həll etmək olar? Şəhərin müxtəlif yerlərində bu kateqoriyadan olan şəxslər üçün xüsusi yerlər ayırmaq və elan vermək olar ki, könüllü gəlib vaksin qəbul etsinlər. Biz onlara soydaş deyirik, hüquq isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sayır”. 

Borçalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli problemlə bağlı “Şərq”ə danışarkən bəyan edib ki, bizim “soydaş” adlı problemimiz var. Ekspertin fikrincə, ölkəmizdən kənarda yaşayan soydaşlarımıza münasibətdə, siyasi düşüncəmizdə qüsurlar kifayət qədərdir:

“Nəzərə almalıyıq ki, pandemiyaya görə, ölkələr arasında gediş-gəliş problemlidir. Soydaşlarımız hətta 3 aydan sonra belə Gürcüstana gedib-gələ bilmirlər. Məcbur Azərbaycanda qalırlar. Ona görə də hazırda bu və ya digər səbəbdən ölkəmizdə olan Gürcüstan azərbaycanlılarına mütləq peyvənd vurulmalıdır. Yoluxmanın gündən-günə artdığı bir vaxtda heç kimi vaksinasiyadan kənarda saxlamaq olmaz. İnsanlar sosial varlıq olduqları üçün hər gün yüzlərlə adamla ünsiyyətdə olurlar, alış-veriş edirlər. Soydaşlarımız arasında da xəstəliyə yoluxanlar, daşıyıcılar ola bilər.

Məncə, “Soydaşlar Haqqında” qanun olsaydı, bu məsələ avtomatik həllini tapardı. Həm də bizdə möhtəkirlik var və soydaşlarımız çox vaxt bir neçə qurumun əlində qalırlar.

Əslində bir yox, bir neçə problemlər mövcuddur. Bəzən qarışıq ailələr olur, qeydiyyat problemləri üzə çıxır. Əgər ailə quran tərəflərdən biri Azərbaycan vətəndaşıdırsa və burada yaşamaq istəyirlərsə, həmin ailə mütləq ölkəmizdə qeydiyyata alınmalıdır. Mən də verilən təklifləri dəstəkləyirəm və hesab edirəm ki, müvafiq orqanlar mövcud problemlə bağlı rasional qərar qəbul etməlidir.

Hazırda Gürcüstan vətəndaşlığı daşıyan soydaşlarımızın sayı heç 100 minə çatmır. Yəqin ki, bu qədər peyvəndi problem etməzlər”.