“Putin qan xərçənginə tutulub”

Rusiyalı oliqarxın səs yazıları ortaya çıxdı 

Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan oliqarxın səs yazıları ortaya çıxıb. Səs yazısında rusiyalı oliqarxın qərbli biznes ortağına Putinin qan xərçəngi olduğunu deməsi səslənib. Bununla belə, Putinin son foto və videolarında nəzarətsiz şəkildə titrədiyi və daim bir şeydən yapışmağa ehtiyacı olduğu görünür.
“Şərq” qəzeti Türkiyənin “www.ntv.com.tr” saytına istinadən xəbər verir ki, rusiyalı oliqarx səs yazısında bildirib ki, Putin Ukraynaya hücum əmrini verməzdən bir müddət əvvəl qan xərçənginə görə belindən əməliyyat olunub və bunu “xüsusi hərbi əməliyyat” adlandırıb: “Putin Rusiya iqtisadiyyatını, Ukrayna iqtisadiyyatını və bir çox başqa iqtisadiyyatları tamamilə məhv etdi. Problem onun başındadır. Bir dəli adam dünyanı alt-üst edə bilər”.

“New Lines” jurnalının xəbərinə görə, qərbli iş adamı oliqarxı qorumaq üçün adını gizlədib, lakin onun icazəsi olmadan görüşü lentə alıb. ABŞ-ın “New Lines” jurnalının əldə etdiyi səsyazmasında adı açıqlanmayan oliqarx martın ortalarında Qərb vençur kapitalisti ilə Putinin səhhətini müzakirə edib. 

Yeni iddialar parad və ictimai tədbirlərdə zəif görünən Putinin səhhəti ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb. Rusiya prezidentinin gördüyü sərt tədbirlər və digər siyasi liderlərlə görüşmək üçün uzun masadan istifadə etməsi söz-söhbətləri daha da artırıb.

İddia olunur ki, Kremlin yaydığı kadrlarda Putin ayaqlarını aşağı-yuxarı hərəkət etdirərək, narahat və əsəbi görünür, Şoyqunu dinləyərkən bir neçə dəfə boğazını təmizləyir və s. Professor Riçard Dirlov və əvvəllər NATO müşaviri olmuş Qvitian Prins Putində mütərəqqi sinir sisteminin pozğunluğunun əlamətləri olduğunu iddia ediblər. 

Deyilənə görə, Rusiyanın əsas təhlükəsizlik qurumu olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarına Putinin səhhəti ilə bağlı spekulyasiya etməmək tapşırılıb. Rusiyalı baş müstəntiq Xristo Qrozyev bildirib ki, vilayət rəhbərlərinə prezidentin ömrünün bir neçə ay qalması ilə bağlı fərziyyələrə məhəl qoymamaq barədə bildiriş göndərilib.

  Qrozyev “New Lines” nəşrinə deyib ki, “bu əmr əks effekt verib və bir çox təhlükəsizlik xidmətinin əməkdaşı Putinin həqiqətən də ciddi xəstəlikdən əziyyət çəkdiyindən əmin olublar”.