Teleaparıcı etiraz edir! – “Sağlamlıq haqqında arayışa görə belə qiymət olmaz!”

Şəmsiyyə Namazlı:“Məntiqlə izah etmək mümkün deyil. İstənilən arayışdakı tələblərə əsasən adi həkim qaydalarından keçirilir”

“Dövlət poliklinikasında sağlamlıq haqqında arayış üçün rəsmi 40 manat qiymət təyin edilib. Nəyin əsasında? Hansı cihaz və avadanlıqla müayinə aparılır ki, belə qiymət olsun? Köhnə qayda ilə sorğu-sual edib, kağız doldurmağa görə belə qiymət olmaz!”
“Sherg.az” xəbər verir ki, bu barədə tanınmış teleaparıcı Elçin Əlibəyli öz Feysbuk hesabında yazıb. O qeyd edib ki, onsuz da "pulsuz" dövlət xəstəxanaları rüşvət çirkabı içində sağlamlıq əvəzinə xəstəlik, ölümə səbəb olurlar:
“Bunu hər kəs bilir. Əslində arayışdan başqa heç nəyə yaramayan poliklinikalarda bu xidməti pullu etməklə imkansızlara əziyyət verirlər! Nə edək TƏBİB?”

Jurnalistin qaldırdığı məsələ ilə bağlı "Sherg.az"a danışan tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, dövlət xəstəxanalarında  müayinələr və həkim xidməti pulsuzdur . Dövlətdən maliyyələşib, maaş alırlar:
“Bunun heç bir əsası yoxdur. Qeyri-qanuni tələblər irəli sürürlər. İcbari Tibbi Sığortanın fəaliyyətə başladığı zamanda belə söhbət ola bilməz. Əslində məntiqlə izah etmək mümkün deyil.

 İstənilən arayışdakı tələblərə əsasən adi həkim qaydalarından keçirilir. Poliklinikalarda dispanserizasiya, göz, ümumi qan, sidik, şəkər və başqalarından keçmək mümkündür". 

Şərqiyyə Nəbi