“Azərbaycan trans yağlara  birdəfəlik “yox” deməlidir”

Ümumdünya Səhiyyə Təşkilatı hesabatında Azərbaycanın trans yağlara qarşı yaxşı profilaktik siyasət aparmayan ölkələr arasında olduğunu açıqlayıb.
Qida texnoloqu, qidaelmi.az saytının təsisçisi Ağa Salamov  isə “Sherg.az” a açıqlamasında deyib ki, trans yağlar sadəcə Azərbaycanda deyil, bir çox ölkələrdə açıq satışdadı.  Bu yağların qida rasionuna daxil edilməsi dünya güclərinin iqtisadi siyasətdə apardığı qida terrorunun nəticəsidir:

 “Amma  bu güclərin trans yağlara görə  apardığı ekoloji terror daha təhlükəlidir.  ÜST-ün  trans yağlarla bağlı narahatlığı anlaşılandır.  Hesabata görə, trans  yağlardan istifadə orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin və hətta onkoloji xəstəliklərin inkişafının riskini artırır. Piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır.  Onun istehsalı da təbiətə düzəlməz zərər vurur axı!? Bu barədə niyə danışan yoxdur!?  Palma yağlarına görə, yer kürəsinin ağciyərlərini məhv edirlər. Amazonka meşələrini yandırıb, kəsib- töküblər. Hətta meşədə yaşayan oranqutan meymunların belə nəsli kəsilməkdədir.  Artıq adı qırmızı kitaba düşən heyvanlar var. Amazonka meşəsi Yer kürəsinin “ağciyəri”dir. Orada yaşı 1500-2000 olan ağacları kəsib yerində 25 illik palma ağacları əkəndə ÜST hara baxırdı? Gözü  kor olmuşdu, yoxsa dili lal olmuşdu etiraz edə, irad bildirə bilmirdi. İnsanların sağlamlığını düşünməyə məsul bir qurum hər şeydən əvvəl ekoloji terrora qarşı mübarizə aparmalı, həyəcan təbili çalmalı idi. ÜST məgər bilmirdi ki min illik ağacların yerində əkilən Palmalar məhz trans yağlar üçün yetişdirilir. Hansı ki bu yağdan  milyardlarla insan əziyyət çəkir. Ölüm təhlükəsi yaşayır. Azərbaycan  vətəndaşları da həmin sayın tərkibindədir. Bu bəlanın mənbəyi isə dediyim kimi  tarixi əhəmiyyətli meşə ağaclarının yerində palma ağaclarının basdırılmasıdır. Dünya miqyasında bunun qarşısı alınmalıdır. Bu, düşünülmüş siyasətdir və təkcə Azərbaycanın problemi deyil”.

A.Salamov deyib ki, palma yağını 200-250  dərəcədə qızdırıb qoxusunu rəngini dəyişirlər. Üstünə hidrogen püskürdüb doymuş yağ halına salır,  tərkibinə də  rəngləndirici qatqılar vurub  süni kərə yağına çevirirlər: 

 “Təəssüf ki, ölkəyə gətirilən yağların da əksəriyyəti 82 faizlik kərə yağı adı altında satılan,əslində isə  hidrogenlə doydurulub marqarinlərə çevirilən palma yağlarıdır. Konkret bir marka adını  iddia etmirəm, amma bahalı yağlar arasında da trans yağlar  var.  Demək ki, nəzarət sistemi yoxdur. 

Palma ağaclarının əkilməsi, onlardan yağ alınıb trans yağlara çevrilməsi ÜST- ün günahıdır. Amma sözsüz ki profilaktik tədbirlərin gözardı edilməsində  dövlətlərin də məsuliyyəti az deyil. Ancaq nə edək ki,  “İşbazlar əsri”ndə  yaşayırıq. İnsanların sağlamlığı ilə  oynamaq bahasına pullarına güvənib ölkəyə istədiyi məhsulu keçirən  insanlar var. Xammalı nə qədər ucuz alsalar onlar üçün sərfəlidir.  Təmiz kərə yağı yağlılığından asılı olaraq  20-25 litr süddən 1 kilo ancaq hazırlamaq olur. Marketlərdə isə üzərinə 82 faiz yazıb kərə dadlı yağ adı ilə 5 manata satırlar. Təmiz olmayan bir yağdan “kərə”  dadı necə gələ bilər axı!?Onkoloji xəstəxanalar  xərçənh xəstələri ilə dolub daşır. Kimə baxırsan mədəsində şiş, polip əmələ gəlib deyirlər. Niyə!? Çünki yediyimiz  yağlar zəhərdir. Ölkədə harada market varsa, yanında mütləq bir neçə aptek var. İnsanların bu gün marketdən alıb yediyi qida sabah onu xərçəngə çevirib aptek qapısında növbəyə düzür”.  

Qida mütəxəssisi hesab edir ki, artıq Azərbaycan trans yağlarla bağlı düzgün profilaktik siyasət aparmalı, bu yağların ölkəyə gətirilməsinə, bazarlarda satılmasına birdəfəlik yox deməlidir:

 “Bu millət yazıqdır!? Dünyaya bir dəfə gəlirlər, axı niyə ömürlərini sağlam qidalarla başa vurmasınlar. İllərdir bu sahədə mübarizə aparırıq. Amma heç bir işbaza trans yağ, enerji, geni dəyişdirilmiş qida məhsulları satma deyə bilmirik. Azad bazar iqtisadiyyatı, kapitalizm dövrüdür. Ancaq ki, insanlarımıza müraciət edirik, almayın, yeməyin  bu qidaları ...
Alternativləri çoxdur. Yeməklərinizi zeytun yağında bişirin. Bu yağ Allahın möcüzəsidi. “Qurani- Kərim”də  qeyd olunub ki Allah zeytuna and içir. Bu yağ  heç bir halda trans yağa çevrilmir. İstiliyə dözümlüdür. Salatlar, tərəvəzlərin qızardılması, bişirilməsi, pörtlədilməsində istifadə edin. Zeytun yağı "Omeqa 3" ilə zəngindir.  Həm insan orqanizmi üçün çox faydalıdır, həm də ziyansızdır. Quyruq və kərə, və nehrə  yağında isə  əvəzolunmaz yağ turşuları olduğuna görə  onlar da insan sağlamlığına çox faydalıdır”.