Prostat adenomasından tam qurtulmaq mümkündür

Xəstə əməliyyatdan sonra ikinci gündə sidik kateteri çıxarılaraq evə yazılır

  “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, uroloq Dr.Bəhruz Xalıqov “Prostat vəzin adenoması nə vaxt əməliyyat edilməlidir” sualını cavablandırıb.
  Kişilərdə adətən 50 yaşdan sonra prostat vəzin adenoması ciddi uroloji şikayətlər əmələ gətirir. Xüsusən də, bu səbəblə uzun müddət dərman müalicəsi almayan, bəzən isə müalicə alan xəstələr də müraciət edir.
  Prostat adenomasından tam qurtulmaq mümkündürmü? Bir mütəxəssis kimi demək istəyirəm ki, prostatın adenoması, yəni xoşxasiyyətli şiş aşağıdakı hallarda əməliyyat vasitəsilə götürülür və xəstə normal həyatını davam edə bilir. Bu cərrahi əməliyyat xəstənin sidiyində daim qan (hematuriya) göründüyü zaman, sidik kisəsində daş əmələ gəldikdə, bu hal ağırlaşmış sidik yolu infeksiyasına səbəb olursa, kəskin sidik ləngiməsi səbəbilə bir və ya bir neçə dəfə sidik kateteri taxılma ehtiyacı yarandığı zaman həyata keçirilir.
  Prostat adenoması üçün həm endoskopik, həm də açıq əməliyyatlar aparılır. Endoskopik əməliyyat olaraq ənənəvi TUR əməliyyatı və müasir metod olan Holmium lazerlə aparılan Holep əməliyyatıdır.
  TUR əməliyyatında prostat toxumasının sidik kanalını tıxayan hissələr çıxarılır. Holep əməliyyatında isə prostat toxumasının hamısı endoskopik olaraq holmium lazerlə tam şəkildə ayrılaraq xaric edilir.
  Prostat toxumasının ayrılması onun ölçüsü ilə əlaqədar olaraq dəyişir. Bəzi xəstələrdə tək parça şəklində, bəzilərində isə 2 və ya 3 parça şəklində çıxarılır.
  Müdaxilə zamanı əvvəlcə böyümüş prostat toxuması kapsuladan xüsusi lazerin köməyilə ayrılır. Sonra isə prostatı bəsləyən damarlar qanaxma olmaması üçün koaqulyasiya (yandırma) edilir. Xəstə əməliyyatdan sonra ikinci gündə sidik kateteri çıxarılaraq evə yazılır.
  Holep əməliyyatından sonra qısa müddətdə xəstə normal sidik xaricetmə funksiyalarını yenidən qazanır və qısa müddətdə iş qabiliyyətini bərpa edərək normal həyatına qayıdır.