Heç bir məktəbdə tibbi yoxlama faktı yoxdur


“Ola bilsin ki, əldə olunan nəticələr poliklinikalara fərdi qaydada  müraciət edən uşaqların müayinələrinə uyğun hazırlanıb”

“Halbuki dispanserizasiya prosesi, əslində, tam şəffaf və əsasən də məktəblərin özündə həyata keçirilməlidir”


  “Uşaqlar arasında ən çox elə xəstəliklər üstünlük təşkil edir ki, bəlkə də birbaşa valideyn nəzarəti ilə qismən də olsa qarşısını almaq olar”. Bu barədə Bakı Baş Sağlamlıq İdarəsinin mətbuat katibi Elnur Hidayətoğlu deyib. E.Hidayətoğlunun sözlərinə görə, ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib. Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 faiz (əsasən yaxındangörmə), həzm sistemi 20 faiz (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 faiz (əsasən lor), sümük-əzələ sistemi 12.3 faiz (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib. Məlumat üçün bildirək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tapşırığına uyğun olaraq, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib. İlkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.
Qeyd edək ki, valideynlər məktəblərdə  real müayinələrin aparılmadığını, statistikanın yalnız formal kağızdan ibarət olduğunu iddia edirlər.   

  Təhsil eksperti Elçin Əfəndi isə “Şərq”ə açıqlamasında deyib ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanuna əsasən, hər il şagirdlər icbari tibbi müayinədən keçirilməli və onların müayinə nəticələri dispanser vərəqində qeyd edilməli, o qeydlər isə  məktəblərə göndərilməlidir: “Sözün açığı, məktəblərdə uşaqların icbari dispanserizasiyası ilə  rastlaşmamışam. Ümumiyyətlə, məktəblilərin tibbi yoxlanılması faktı yoxdur. Ola bilsin ki, əldə olunan nəticələr poliklinikalara fərdi qaydada  müraciət edən uşaqların müayinələrinə uyğun hazırlanıb.  Halbuki dispanserizasiya prosesi, əslində tam şəffaf və əsasən də məktəblərin özündə həyata keçirilməlidir”. 

  Ekspertin fikrincə, səhər saatlarında məktəbə daxil olan bütün şagirdlər ilkin tibbi yoxlamadan keçirilməli, qızdırmalı uşaqlar dərsə  buraxılmamalı, müalicə üçün evə göndərilməlidir: “Çünki  infeksiya daşıyıcısı olan bir uşağın dərsdə oturması kütləvi şəkildə yoluxma ilə nəticələnə bilər. Bunun məsuliyyəti iki müvafiq qurumun  Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin üzərindədir.  Çünki məktəbdə kütləvi yoluxma dərsin gedişatına  mənfi təsir  göstərir. Əslində,  uşaqların sağlamlığının öyrənilməsi üçün  icbari dispanserizasiya düzgün metoddur, yəni yönləndirmə düzgündür. Ancaq yaxşı olar ki, şəffaflıq olsun, uşaqlar düzgün yoxlanılsın. Əgər prosedur düzgün və şəffaf aparılsa, hər bir valideyn də uşağının sağlamlığı barədə ətraflı məlumat əldə etmiş olar”.
  Qeyd edək ki, uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının məqsədi isə  uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmə, əlilliyin və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.