Qızılcaya yoluxmada kəskin artım müşahidə edilir
Pandemiyadan sonra toplumun immuniteti zəifləyib
"Qızılcaya qarşı peyvənd olunmayanların sayının artması və epidemioloji nəzarətin zəifləməsi, qızılca ilə ağırlaşmaların və qızılca səbəbindən uşaq ölümünün artmasına gətirib çıxaracaq"
Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.
ÜST-nin Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.
Pediatr Ləman Cəfərova da “Şərq”ə açıqlamasında ötən il peyvəndlə qorunan xəstəliklərin statistikasında ciddi artım müşahidə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, bunun səbəbi COVID-19 pandemiyası müddətində toplum immunitetinin zəifləməsidir: “Uzun müddət maskadan istifadə etmək, izolyasiya kimi karantin tədbirləri insanların immun sisteminə ciddi təsir edib. Odur ki, sadaladığınız infeksiyalar daha aqressiv və fərqli klinik əlamətlərlə qarşımıza çıxır. Bu, çox təhlükəli haldır və peyvəndin aktuallığını daha da artırır. Digər bir səbəb isə pandemiya dövründə digər planlı peyvəndlərin ləngidilməsi və ya təxirə salınmasıdır. Qızılca xüsusilə uşaqlıqda çox rast gəlinən bir yoluxucu xəstəlikdir. Bu səbəbdən də körpəlik və uşaqlıq dövründə peyvəndləri qaçırmamaq, yoluxma ehtimalına diqqət yetirmək və infeksiyalara qarşı gigiyena qaydalarına riayət etmək böyük əhəmiyyət kəsb edir. Qızılca xüsusilə qış və yaz aylarında müşahidə olunur. Bu, məktəbyaşlı uşaqlarda yoluxma riskini artırır. Məhz buna görə də məktəb dövründə edilən qızılca peyvəndi orqanizmin immuniteti üçün çox vacibdir”.
Pediatr deyib ki, qızılca əvvəlcə soyuqdəymə və ya qrip kimi başlayır və hərarət, aralıqlı və davamlı öskürək, burun axması, gözlərdə qızartı, işığa baxa bilməmək, konyuktivit (gözdə qaşınma, qızartı) kimi əlamətlərlə müşahidə olunur:
“Səpkinin görünməsindən 2 gün əvvəl, yanaqda, alt azı dişləri səviyyəsində çəhrayı-qırmızı halqa ilə əhatə olunmuş 1 mm-lik mavi-ağ ləkələr meydana gəlir. Bu ləkələr bəzən ağızın digər nahiyələrinə də yayıla bilir. 3 gün ərzində qollara, ayaqlara və gövdəyə yayılır. Üzdə və boyunda səpkilər birləşə bilər. Dəridə ödem yaranır, üz şişir. Xəstəliyin şiddəti adətən səpkilərin ölçüsü ilə mütənasib olur. Sonra səpkilər qəhvəyi olur və yox olur. Dəri artıq qabıqlanmağa başlayır.
Onu da deyim ki, qızılca antroponoz xəstəlikdir və çox yoluxucudur. Qızılca xəstəsi ilə təmasda olan hər 100 insandan 95-96-sı xəstələnir. Qızılca xəstəliyi hava-damcı yolu ilə öskürmə və asqırma zamanı ötürülür. Qızılca törədicisi havada və səthlərdə 2 saatadək aktiv qala bilər. Qızılcaya yoluxan şəxs səpkilər başlamazdan əvvəlki 3-4 gün və başladıqdan sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Qızılca virusu yuxarı tənəffüs yollarının ifrazatında olur. Xəstə asqırdığı və ya öskürdüyü zaman ətrafa yayılır. Havada və ya yoluxduğu səthdə 2 saat müddətində başqalarına yoluxa bilir. Xəstəlik bütün yaşlarda, ən çox isə məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir”.
Qızılcanın fəsadlarına gəldikdə isə mütəxəssis deyib ki, xəstəliyin təhlükəli əlamətlərindən də biri xəstələrin bir müddət qidalanmaması və vitamin itkisi səbəbindən sonradan daha öldürücü ola biləcək ağırlaşmalara təkan verməsidir:
“Qızılca ilə xəstələnən insan işə və məktəbə gedə bilməyəcək şəkildə halsız və hərarəti yüksək olur. Eyni zamanda bu xəstəliyin səbəb olduğu fəsadları göz önünə almaq lazımdır. Xəstəlik diqqətə alınmazsa ağciyər iltihabı (pnevmoniya), orta qulaq iltihabı (otit), beyin qişalarının iltihabı (ensefalit), ürək əzələsinin iltihabı (miokardit) və s. kimi fəsadlarla nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər 100 qızılca xəstəsindən ən azı birində ölüm və ya ağırlaşma halı qeydə alınır. Qızılca xəstəliyi adətən (yüngül gedişli) evdə müalicə olunur. Yalnız ağır xəstələr və fəsadlaşması olanlar hospitalizasiya olunurlar. Əsas diqqət qulluğun təşkilinə və düzgün qidalanmaya verilməlidir. Xəstənin otağı isti və işıqlı olmalı, havası tez-tez dəyişdirilməlidir. Xəstənin istirahət etməsi və simptomatik müalicə alması məsləhət görülür. Qızılca, viruslar tərəfindən törədildiyi üçün fəsad olmadığı zaman antibiotik istifadə etməyə ehtiyac yoxdur. Vaxtında və düzgün müalicə etdikdə qızılcanın proqnozu adətən yaxşı olur”.
Həkimin sözlərinə görə, qızılca ilə xəstələnən insanlar ömür boyu immunitet qazanırlar və bir daha bu xəstəliyə yoluxmurlar. Qızılca xəstəliyindən və buna bağlı olaraq ortaya çıxan xəstəliklərdən qorunmanın tək yolu isə peyvəndləmədir:
“Təkrarçılıq etmək istəmirəm, amma deməsəm də olmaz. Qızılca peyvəndi xəstəliyə qarşı son dərəcə etibarlı və təsirli bir peyvənddir. Ancaq peyvəndləmə yolu ilə yoluxmanın qarşısını tam almaq mümkündür. Qızılcaya qarşı peyvənd olunmayanların sayının artması və epidemioloji nəzarətin zəifləməsi, qızılca ilə ağırlaşmaların və qızılca səbəbindən uşaq ölümünün artmasına gətirib çıxaracaq. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidir. Peyvənd sayəsində orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet yaranır, nəticədə həmin xəstəliklərə yoluxma riski azalır və xəstəliyin yarada biləcəyi ağırlaşmaların qarşısı alınır. İmmunlaşma sayəsində dünyada hər il orta hesabla 2-3 milyon nəfər ölüm təhlükəsindən xilas olur. Peyvənd orqanizmin təbii müdafiə qüvvələrini stimullaşdıraraq, onu xəstəliyə qarşı daha səmərəli mübarizə aparmaq üçün hazırlayır. Peyvənd sayəsində orqanizmdə immun reaksiya formalaşır və gələcəkdə insan virus və bakteriyaya yoluxsa belə, immun sistemi onlarla mübarizəyə hazır olur. Gecikdirilən peyvəndlər uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir. Ölkəmizdə qızılcaya qarşı peyvənd Səhiyyə Nazirliyinin peyvənd təqviminə uyğun olaraq 12-ci ayın sonunda və ibtidai məktəbin 1-ci sinfində qızılca-məxmərək-parotit üçlü peyvənd şəklində aparılır”.