Azərbaycanda koronavirus: Yoluxanların sayı artacaq?

Rusiyada koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayında kəskin artım müşahidə edilib.Son 24 saat ərzində Rusiyada 9,7 min koronavirusa yoluxma halı qeydə alınıb, 35 xəstə ölüb. Bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb. Gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 2 053 nəfər təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 161,2 faiz artım deməkdir. Rusiyanın 70 subyektində xəstəxanaya yerləşdirilənlərin sayı artıb. COVID-19-a yeni yoluxma hallarının sayı 173 nəfər çoxalıb. Ümumilikdə Rusiyada pandemiya zamanı 22 272 470 nəfərdə koronavirus müəyyən edilib, 396 100 nəfər ölüb, 21 614 852 nəfər sağalıb.

Şimal qonşumuzda koronavirusla bağlı vəziyyətin gərginləşməsi Azərbaycan ictimaiyyətində də  narahatlıq doğurub. Son günlər ölkəmizdə adı bilinməyən virusun geniş yayılması əndişəni daha da gücləndirir.

Vəziyyətlə bağlı “Sherg.az” a danışan infeksionist-həkim Mərdan Əliyev bildirib ki, Azərbaycanda COVID-19-a yoluxanların sayının yenidən artması gözlənilmir. Onun sözlərinə görə,bizim artıq bununla bağlı böyük bir problemimiz ola bilməz:

“Rusiyada tam kollektiv immunitent formalaşmayıb. İnsanların çoxu virusa, yoluxub sağalmayıb. Bizdə isə demək olar ki,80-90 faiz insan virusa yoluxub. Buna görə də yenidən yoluxma sayı müşahidə oluna bilməz. Artıq üzü yaz fəsilinə doğru gedirik payız,qış aylarında yoluxma olmadısa, bundan sonra gözlənilən deyil. 

Rusiya ilə aramızda coğrafi mövqe və temperatur fərqləri var. Bizim hazırda olduğumuz fəsil artıq təhlükəli hesab edilmir. Müəyyən faktorlar var ki, yoluxmaya səbəb ola bilər. 

Məsələn, bayram ərəfəsidir insanlar daha çox bir yerdə olub, bir-biri ilə təmasda olacaqlar. Bu az da olsa, virusun yayılmasına səbəb ola bilər. Ancaq ciddi artımların olacağını düşünmürəm”.

Həkim sonda onu da qeyd edib ki,insanlar immunitentlərini gücləndirib,kollektiv içərisində aralarında məsafə saxlayaraq özlərini müəyyən viruslardan qoruya bilərlər.

Şərqiyyə Nəbi