Erkən doğuş ana üçün də təhlükəlidir

Vaxtından əvvəl doğulmuş körpələrdə sağlamlıq problemləri yaranır


  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq-reanimatoloq Bəxtiyar Zeynalov nazirliyin sosial media hesablarına vaxtından əvvəl doğuşlarla bağlı gələn sualları cavablandırıb.
  B.Zeynalovun sözlərinə görə, hər il təxminən 15 milyon körpə vaxtından əvvəl (37-ci tamamlanan hamiləlik həftəsindən əvvəl) doğulur. Vaxtından əvvəl doğulmuş körpələrdə, xüsusən də çox erkən doğulanlarda bəzən sağlamlıq problemləri yarana bilər: “Bu, körpənin vaxtından nə qədər əvvəl dünyaya gəldiyindən asılıdır: vaxtından son dərəcə erkən doğulan (hamiləliyin 28-ci həftəsinə qədər); vaxtından çox erkən doğulan (hamiləliyin 28-32-ci həftələrində); doğuş müddətinə yaxın doğulan (hamiləliyin 32-37-ci həftələrində).

Tipik olaraq vaxtından əvvəl doğuşun ağırlaşmaları fərqlidir. Əksər hallarda vaxtından əvvəl doğuşun spesifik səbəbi aydın deyil. Bununla belə, məlum risk faktorları var, o cümlədən: diabet və ya infeksiyalar kimi xroniki sağlamlıq problemləri; narkotik və ya alkoqoldan istifadə; çoxdöllü hamiləlik; preeklampsi (hamiləlik zamanı yüksək təzyiq), stressli həyat tərzi və s”.

  Vaxtından əvvəl doğuşun fəsadlarına toxunan mütəxəssis-ekspert deyib ki, bütün vaxtından əvvəl doğulmuş körpələr fəsadlarla qarşılaşmasa da, erkən doğuş qısamüddətli və uzunmüddətli sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər:

 “Körpə nə qədər tez doğulsa, ağırlaşma riski bir o qədər yüksəkdir. Vaxtından əvvəl doğulmuş uşağın çəkisi də mühüm rol oynayır. Bəzi problemlər doğuş zamanı görünə, bəziləri isə sonradan inkişaf edə bilər. İlk həftələrdə vaxtından əvvəl doğuşun ağırlaşmalarına tənəffüs problemləri səbəb olur. Vaxtından əvvəl doğulmuş körpənin tənəffüs sisteminin yetişməməsi səbəbindən nəfəs almaqda çətinlik yarana bilər. Vaxtından əvvəl doğulmuş körpələrdə bronxopulmoner displaziya kimi tanınan ağciyər xəstəliyi də inkişaf edə bilər. Bundan əlavə, bəzi vaxtından əvvəl doğulmuş körpələr apne sindromu kimi tanınan nəfəslərində uzunmüddətli fasilələrlə qarşılaşa bilərlər. Vaxtından əvvəl doğulmuş körpələrdə ən çox rast gəlinən ürək problemləri “Patent Duktus Arteriosus” (PDA) və aşağı qan təzyiqidir (hipotensiyon).

  Mama-ginekoloq Leyla İbrahimli  isə “Şərq”ə açıqlamasında deyib ki, körpə vaxtından əvvəl doğulubsa, bu o deməkdir ki, bəzi daxili orqanları hələ tam formalaşmayıb və onun orqanizmində bir çox xəstəliklərin inkişafı üçün münbit şərait var: 

“Vaxtından əvvəl doğulan orqanizm istiliyi saxlaya bilmir, ağciyər toxuması tam yetişməmiş olur və sərbəst nəfəs ala bilmir. Belə körpələr oksigen dəstəyinə, isinməyə ehtiyac duyur və bunun üçün küvəzə yerləşdirilirlər. Onlarda fizioloji reflekslər də inkişaf etmədiyindən uda bilmir, zondla qidalandırılırlar. Belə körpələrdə bağırsaq da tam formalaşmadığından funksiyasını yerinə yetirə bilmir. Demək olar ki, hər vaxtından əvvəl doğulan körpədə anemiya  müşahidə olunur”. 

  Ginekoloqun sözlərinə görə, erkən doğuş, sadəcə uşaq yox, ana üçün də təhlükəlidir:  “Onu da deyim ki, ananın keçirdiyi genetik və infeksion xəstəliklər, onun psixoloji vəziyyəti, zərərli vərdişləri və yaşı ilə əlaqədar müəyyən faktorlar doğuşun vaxtından əvvəl baş verməsinə səbəb olur. Erkən doğuş hamiləliyin 22-37-ci həftələri arasında baş tutarsa və dölün çəkisinin 500-2500 qr, boyunun 25 sm olduğu halda hesab olunur. Çoxdöllü hamiləlik zamanı 22-35 həftələrdə doğuş erkən sayılır. Risk amilləri isə  uşaqlıq boynu və uşaqlıq yolunun infeksiyası,
 ödemlər, artmış arterial təzyiq və proteinuriya (sidikdə zülal) ilə gedən ağır hestozlar,  dölün çanaq gəlişi, dölün inkişaf anomaliyaları və sairdir”.