Korluq yaradır

Qlaukoma xəstəliyi nəzarətsiz qalanda çox ciddi problemlərə səbəb olur
 

  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazadə nazirliyin sosial media hesablarına qlaukoma ilə bağlı gələn sualları cavablandırıb. 
Onun sözlərinə görə, qlaukoma xəstəliyin erkən mərhələdə aşkar edilməsi üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur: “El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Səbəb isə odur ki, qlaukoma erkən mərhələlərdə asimptomatik keçir. Buna görə də onun nəzarətsiz gedişi görmə qabiliyyətinin geri dönməz itkisinə səbəb olur. Qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur. Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər”.


  Ekspertin sözlərinə görə, qlaukoma görmə sinirinin və tor qişanın zədələnməsinə səbəb olur. Bu, göz içi təzyiqinin fərdi normadan artıq olması səbəbindən baş verir və zaman keçdikcə optik sinirin atrofiyasına gətirib çıxara bilər: “Qlaukoma, əsasən, iki qrupa bölünür: Açıq bucaqlı qlaukoma və qapalı bucaqlı qlaukoma.
  Açıq bucaqlı qlaukoma - bu, demək olar ki, xəstəliyin nisbətən az çox rast gəlinən formasıdır. Əksər hallarda açıq bucaqlı qlaukoma asimmetrik olaraq baş verir və hər iki gözə təsir edir. Patologiyanın bu növü kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb olur.

  Qapalı bucaqlı qlaukoma - xəstəliyin nisbətən az rast gəlinən formasıdır. Bu formada gözdaxili təzyiq sürətlə artmağa başlayır. Qapalı bucaqlı qlaukomada bəbəyin genişlənməsinə səbəb olan istənilən vasitə, məsələn, işıq, müəyyən dərmanlar, hətta gözləri müayinə etmək üçün istifadə edilən bəbəkgenişləndirici damcılar qüzeyli qişanın gözdaxili maye axarlarının bloklamasına səbəb olur. Bu zaman göz alması qısa zamanda sərtləşir - təzyiq qəfildən ağrı və görmənin dumanlanmasına gətirib çıxarır. 

Qapalı bucaqlı qlaukomanın kəskin tutması zamanı şiddətli baş ağrısı, ürəkbulanma, qusma və sinə ağrısı kimi simptomlar müşahidə oluna bilər”.
  Qeyd edək ki, dünyada 63 milyondan çox insan qlaukomadan əziyyət çəkir. Demək olar ki, hər beş qlaukomalı xəstədən biri görmə qabiliyyətini tamamilə itirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 4.5 milyon insan qlaukoma səbəbiylə görməsini itirir. Avropa Qlaukoma Cəmiyyəti hər kəsə 40 yaşdan sonra ildə bir dəfə gözdaxili təzyiqini ölçdürməyi, nəslində qlaukoma xəstəliyi olan insanlara 35 yaşdan sonra ildə ən azı bir dəfə gözdaxili təzyiqlərini yoxlatdırmağı tövsiyə edir. Hazırda Azərbaycanda 22 mindən çox qlaukomalı xəstə dispanser qeydiyyatındadır.

  Oftalmoloq-cərrah  Rəfadar Xəlilovun sözlərinə görə, gözdaxili təzyiqin yüksəlməsi qlaukomanın əsas əlamətidir. Göz almacığında olan maye gözün qidalanması üçün olduqca əhəmiyyətlidir:  “Həmin maye müntəzəm olaraq xaric olunur. Onun rahat ifraz oluna bilməməsi isə “qlaukoma”adlanır. 

Əvvəllər qlaukomanın niyə məhz “qara su” adlandırılması məni çox düşündürürdü. Elmi bir əsası da yoxdur bu adın. Amma sonra düşündüm ki, qlaukoma xəstəliyi nəzarətsiz qalanda çox ciddi problemlərə səbəb olur. Bir sözlə, korluq yaradan bu xəstəlik adamı qara günə qoyur. Mirvari suyu olanda bəllidir ki,  gözün rəngində bozlaşma olur, yəni bəbəyin arxasında bozumtul bir rəng görünür.  Ona görə də mirvari suyu deyirlər. Qlaukomalı pasiyentlərdə gözdaxili mayenin sorulmasını təmin edən trabekulyar şəbəkənin daralması və ya tıxanması nəticəsində gözdaxili təzyiq yüksəlir. Qlaukoma adətən, 50 yaşın üstündəki insanlarda daha çox rast gəlinir. Amma bu növlərinə görə dəyişə bilir. Bəzən anadangəlmə qlaukoma olur. Bəzən həyatın ilk illərində, 2-3 yaşında, bəzən 7-8 yaşında görülür. Gənc (yuvenil) qlaukoma da var.

Ona görə tövsiyəmiz, əgər irsiyyətdə qlaukoma varsa, mütləq o nəsilin nümayəndələri 40 yaşından sonra ildə 2 dəfə gözdaxili təzyiq baxımından həkim müayinəsindən keçməlidirlər. Müayinə ilə qlaukoma aşkarladığımız pasiyentlərin 90 faizində 1-ci və ya 2-ci dərəcəli qohumlarında bu xəstəliyə rast gəlinir. Qlaukomaya  uşaqlarda, hətta körpələrdə də rast gəlinir. Valideynlər bu xəstəliyi əsasən gözün həcmindəki dəyişikliklə müşahidə edə bilirlər. Çünki uşaqlarda göz almasının toxumaları çox sərt deyil, elastikdir. Buna görə gözün içində təzyiq çoxaldıqca, göz alması böyüyür.  Adətən, 2-3 aylıq uşaqlarda artıq bu problem görülür. Müalicəsi öncə konservativ edilir. Dərmanla, adətən, nəticə əldə olunur. Əks təqdirdə, cərrahi əməliyyata müraciət olunur”.  

  R.Xəlilovun sözlərinə görə, qlaukoma xəstəliyi inkişafın ilk mərhələlərində özünü büruzə vermir. Göz damarlarında torun əmələ gəlməsi, görmədə dumanlıq, uzaq və yaxın məsafəyə fokuslanma, gözlərdə yorğunluq dərəcəsinin artması kimi əlamətlərə qədər qlaukoma gizli gedişata malik olur.