“Halal” kolbasaların tərkibi məlum deyil



Razi Nurullayev: “Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik”


  “Qidanın keyfiyyətsiz və tərkibinin təhlükəli olması vətəndaşların həyatını zəhərləyir və onlar olan-qalanlarını da keyfiyyətli, keyfiyyətsiz apteklərdə xərcləməli olurlar”. Bunu Parlamentin dünənki  iclasında millət vəkili Razi Nurullayev deyib. Deputat kolbasa məhsullarında olan neqativ hallara toxunub: "Bu yaxınlarda Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi məlumat yaydı ki, “halal” əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində heç ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu, nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdırmı? Ət adı altında onlar nə satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? İnsanlar “halal” deyib kolbasa alır və məlum olur ki, o, nəinki halal deyil, heç tərkibi məlum deyil. Bu, həm də pis əməldir. Hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosiska yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki bu cür saxtakarlıq və imansızlıq ölkəmizin adına ləkə gətirir, düşmən ölkələr bundan bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirirsə, mütləq cəzasının da olacağını görməlidir”.