Uşaqların əsas qidası ana südüdür

Ana südü ilə qidalanan uşaqlarda bronxial astma, allergiya kimi xəstəliklərə daha az rast gəlinir

    Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir.
Pediatr Əkbər Quliyevin sözlərinə görə, 1 yaşa qədər olan uşaqlarına əlavə qida verən analar əsas qidalanma mənbəyinin ana südü olduğunu unutmamalıdır:  “Ana südü ilə qidalandırma yeni doğulmuş uşağın inkişafı üçün lazım olan ilkin təməl ehtiyaclarını tam təmin edir. Hər körpə üçün ən ideal qida öz anasının südüdür.
Qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin həm körpəyə, həm də anaya bir çox faydaları var. Beynin inkişafını dəstəkləyir, ana südü ilə qidalanma sonrakı illərdə ürək xəstəlikləri, piylənmə, diabet, xərçəng və s. kimi xroniki xəstəliklərin yaranma riskini azaldır.
  Ana südünün qida dəyəri çox yüksək olduğuna görə uşağın ehtiyaclarını tam qarşılayır. Onun tərkibindəki qoruyucu hüceyrələr və immunoqlobulinlər hər zaman uşağı qoruyur, eyni zamanda ananı da yumurtalıq və süd vəzi xərçəngindən qoruyur. Doğumdan sonra ananın daha tez toparlanmasına yardımçı olur.
Onu da qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin uşağa psixoloji olaraq heç bir neqativ təsiri yoxdur”.
  Pediatr deyib ki, ana südünün qoruyucu xüsusiyyətləri uşağın immunitetinin inkişafına da çox kömək edir. Ana südü ilk 6 aya qədər körpənin bütün protein, yağ, dəmir, vitamin və s. kimi ehtiyaclarını qarşılayan möcüzəvi qidadir və körpəni bütün infeksiyalardan qoruyur: “Ana südü ilə qidalanma körpənin diş-çənə sisteminin formalaşmasında önəmli rola malikdir. Ana südü ilə qidalanan uşaqlarda bronxial astma, allergiya, alt və üst tənəffüs yolu infeksiyaları, orta qulaq iltihabı, ani körpə ölümü, piylənmə, 1-ci tip diabet kimi xəstəliklərə daha az rast gəlinir. Onun tərkibində kifayət qədər dəmir olduğu üçün ilk 6 ay anemiyaya demək olar ki, rast gəlinmir. Körpənin fiziki və zəka inkişafının formalaşmasına kömək edir”.