Şəkidə  24 şagird və 3 müəllim zəhərlənib

Məktəbdə kütləvi zəhərlənmənin baş verməsi dəhşətli hadisədir

“Yaxşı olardı ki, hər gün dərs bitdikdən sonra məktəb ümumi, hərtərəfli yoxlanışdan keçirilsin”
 

  Şəki-Zaqatala Regional Təhsil İdarəsi 24 şagird və 3 müəllimin zəhərlənməsi ilə bağlı açıqlama yayıb. İdarədən bildirilib ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb: "Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.


İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir".

  Daxili İşlər Nazirliyinin məlumatında isə bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

  Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, məktəbdə kütləvi zəhərlənmənin baş verməsi dəhşətli hadisədir. Məktəblərdə təhlükəsizlik məsələsi ciddi yanaşılmalı məsələdir: 

“Təəssüflər olsun ki, bu sahədə boşluqlar çoxdur.  Nəzərə almaq lazımdır ki, buradakı şagirdlərin çoxu azyaşlıdır və onlar hər zaman təhlükələri görə, məntiqli qərar verə bilmirlər. Ümumiyyətlə, məktəblərdə uşaqların həyat və sağlamlığına təhlükə yaradacaq heç nə olmamalıdır. Təhlükəli vəziyyət yarandıqda aşkarlanaraq dərhal qabaqlayıcı tədbirlər görülməlidir.  Təhsilalanların sağlamlığına cüzi belə olsa zərər verəcək təhlükə  gözardı edilməməlidir”. 

  Ekspertin sözlərinə görə, bu kimi problemlər əsasən rayon məktəblərində yaşanır: “Orada bu təhlükəsizlik məsələlərinə kimin nəzarət etdiyi məlum deyil. Yaxşı olardı ki, hər gün dərs bitdikdən sonra məktəb ümumi, hərtərəfli yoxlanışdan keçirilsin. 

Əgər heç bir problem və ya risk faktoru yoxdursa, şagirdlər növbəti gün məktəbə buraxılsın. Bu məsələnin həlli üçün kompleks tədbirlər planı işlənib hazırlanmalı və bütün məktəblərdə tətbiq edilməlidir”.