Evdə hazırlanan dondurma daha sağlamdı

Əgər dondurma boğaza acılıq verərsə, deməli, onun tərkibinə marqarin və ya bitki yağları qarışdırılıb

  Havaların isinməsi ilə əlaqədar  dondurma satışında  ciddi canlanma müşahidə edilir. Lakin dondurma alan heç kəs  məhsulun istifadə müddətinə fikir vermir. Həmçinin dondurmanın harada istehsal olunmasına da məhəl qoymurlar.
  Mütəxəssislər isə  iddia edir ki,  dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə əhalinin vaxtı keçmiş qida istehlakına və zəhərlənmələrə səbəb olur.
  Qeyd edək ki, dondurmaları iki hissəyə bölmək olar: südlü və buzlu (meyvə dadlı). Ekspertlər südlü dondurmanı məsləhət bilir, buzlu dondurma ilə isə qidalanmağı tövsiyə etmirlər. Çünki buzlu dondurma südlü dondurmaya nisbətdə daha çox kalori dəyərinə malikdir və onun tərkibində boyaq maddələri olur.

  Pediatr Aytən İsmayılzadə Sherg.az-a bildirib ki, dondurmanın istehsalında müxtəlif rəngləndiricilərdən, dadlandırıcılardan  istifadə olunur: "Bu cür süni maddələrə qarşı da  insan orqanizminin kəskin reaksiyası ola bilər. Çalışmaq lazımdır ki, daha çox süni boyayıcı maddəsi olmayan dondurmaya müraciət edək. Standartlara görə dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qarışdırmaq olar. Əgər dondurma boğaza acılıq verərsə, deməli, onun tərkibinə marqarin və ya bitki yağları qarışdırılıb. Bəziləri dondurmaya GMO vururlar. İnsan orqanizminə ziyanlı maddələr, palma yağları da daxil edirlər. İndi dondurmaların üzərində tərkibi qeyd edilib. O tərkiblə tanış olduqdan sonra alıb yeymək daha  doğrudur".
Həkim günəş şüaları altında satılan dondurmaları almamağı məsləhət görür.
  Keçən ildən qalan dondurmaların  yenidən satışa çıxarılması faktına toxunan qida texnoloqu Ağa Salamovun sözlərinə görə, bu dondurmalar insanlarda zəhərlənməyə səbəb olur: “Dondurma alarkən əvvəlcə onun son istehsal tarixinə, daha sonra paketlənməsinə baxmaq lazımdır.  Bu zaman dondurmanın deformasiyaya uğrayıb-uğramadığını asanlıqla bilmək olar. Bəzən işıqlar sönür, yaxud dondurucunun qapısı açıq qalır. Belə olduqda, həmin dondurma əriyir və yenidən dondurulur. Nəzərə almaq lazımdır ki, bir məhsul bir dəfə dondurula bilər. Ona görə də istehlakçılar aldıqları məhsulun qablaşdırılmasına nəzarət etməlidirlər. İnsanlar daha çox sertifikatlaşdırılmış istehsalçıdan dondurma almalıdır”.
  A.Salamovun sözlərinə görə, dondurma istehsalında istifadə olunan avadanlıqlar istehsaldan sonra yaxşı yuyulmur: “Həmin avadanlıqlarda süd qalıqları olur. Növbəti istehsal zamanı isə dondurma çarpaz çirklənməyə məruz qalır. Bu da qida zəhərlənməsinə səbəb olur. Dondurma istehsal edən şirkətlər sanitar-gigiyena qaydalarına əməl etməlidirlər”.
  Ekspert xüsusilə qeyd edib ki, uşaqlar üçün evdə hazırlanan dondurma daha sağlamdır.